Kokpit.az xatırladır ki, ispaniyalı sürücünün hazırda 43 yaşı var və onun 2026-cı ilin sonuna qədər Aston Martin-lə müqaviləsi var. İkiqat Dünya Çempionu hazırda peletonun ən yaşlı sürücüsüdür.
Alonsonun Aston Martinlə müqaviləsi bitəndə artıq 45 yaşı olacaq. Digər tərəfdən “yaşıllar”ın Maks Ferstappeni transfer etmək istədikləri iddia olunur. Bu isə o deməkdir ki, ya Fernando Alonso ya da Ləns Stroll komandadan ayrılmalıdırlar. Lakin Ləns Aston Martin komandasının sahibi Lourens Strollun oğludur. Buna görə də Maks Ferstappen böyük ehtimalla Fernando Alonsonu əvəz edəcək.
Bütün bu söz-söhbətlərə baxmayaraq Fernando Alonso əvvəlcə hazırkı müqavilənin sonunu gözləyib, daha sonra vəziyyətinə görə dəyərləndirmə etmək istəyir.
2005 və 2006-cı illərin Dünya Çempionu bu barədə belə danışıb: “Təqaüdə 50 yaşımda çıxmayacağam, amma dəqiq vaxt da bilmirəm. Bu il və gələn il qətiliklə yarışmaq istəyirdim, çünki 2026-cı ildəki yeni texniki reqlamentdə yarışmaq istəyirəm. Bundan başqa Honda-nın komandaya gəlməsi vacib nüansdır. Daha sonra Ədrianın da komandaya qoşulması surpriz oldu. Keçən il müqavilə barədə danışıqlar aparanda bu faktorlar cəzbedici idi”.
Fernando Alonso əlavə edib ki, 2026-cı ildən sonra yenə yarışmaq istəsə, birillik müqavilələr bağlayacaq: “Ondan sonra birillik müqavilələr bağlayacağam. Necə hiss etdiyimi və motivasiyamı görəcəm.
Hazırda çox motivasiyalıyam. Amma üç-dörd ildən sonra bu motivasiyamı qoruyacağımı dəqiq deyə bilmərəm. Komandanı da pis vəziyyətdə qoymaq istəmirəm. Buna görə də 2026-cı ilin sonuna qədər müqavilə bağladıq. Ondan sonra isə komanda ilə oturub açıq danışacağıq. Lourens və Ləns ilə münasibətimiz yaxşıdır”.
Şərh əlavə et