Kokpit.az bildirir ki, Xeresdə birinci sərbəst yürüşlər günəşli havada başlayıb. Mark Markes doğma vətəninə ən yaxın izləyicisi Aleks Markesdən 17 xal öndə lider gəlib.
Keçən ilin Dünya Çempionu Xorxe Martin isə Qətərdə keçirdiyi qəzadan sonra qabırğasını qırıb və buna görə də Xeresdə yarışmayacaq. Onu Lorenzo Savadori əvəz edib. Pramac Yamaha komandasında isə Migel Oliveyranı Avqusto Fernandes əvəz edir.
Yaşıl işıqların yanması ilə sessiya başlayıb. İlk sürətli dövrə Fabio Kuartararodan gəlib və o, 1.39.294 zaman nəticəsi göstərib. Lakin fransalı sürücü tras limitlərini aşdığı üçün nəticəsi silinib.
Mark Markes sessiyaya çətin başlanğıc edib və ilk cəhdini yarıda saxlayaraq, boksa qayıdıb. O, səhvən Gresini qarajının önündə dayanıb. Bundan dərhal sonra trasa yenidən qayıdıb. Qısa müddətdən sonra isə problem yaşayaraq, ikinci motosikletinə keçib. Bəzi iddialara görə Mark yağ sızıntısı problemi yaşayıb.
Bu anda Aleks Markes 98 saniyənin altına düşən ilk sürücü olub və birinci yerə yüksəlib.
Mark Markes isə problemlər yaşamağa davam edib. Onun ilk sürətli dövrəsi 1.38.068 olub və 11-ci yeri tutub. Lakin təcrübəli sürücü tempini artıraraq, 1.37.239 zaman nəticəsi göstərib və liderliyə yüksəlib. Bu anda Fabio Kuartararo da yaxşı dövrə vurub və Markdan 0.2 saniyə geridə qalaraq, ikinci olub.
Sessiyanın son 20 dəqiqəsində nəticələr daha da yaxşılaşıb. Aleks Markes 1.36.831 zaman nəticəsi ilə birinci olub. Qısa müddət sonra birinci döngədə sürüşüb yıxılmasına baxmayaraq, zədələnməyib və pitə qayıdıb.
Bununla da Aleks birinci sərbəst yürüşlərdə zirvədə olub. Mark Markes ikinci, Fabio Kuartararo üçüncü, Maverik Vinyales dördüncü, Xoan Mir beşinci və Cek Miller altıncı yeri tutublar.
Onluğu Françesko Banyaya, Yohan Zarko, Aleks Rins, Franko Morbidelli bağlayıblar.
Şərh əlavə et