Kokpit.az bildirir ki, Xeresdəki əsas sərbəst yürüşlər 41 dərəcə istidə başlayıb. Sessiyada ilk sürətli dövrə Raul Fernandesdən gəlib. O, 1.37.778 zaman nəticəsi göstərib.
Daha sonra isə Aleks Markes 1.37.242 zaman nəticəsi iıə liderliyə yüksəlib. Lakin o, beşinci döngədə qəza edib və qırmızı bayraqlarla sessiya dayanıb.
Bir neçə dəqiqədən sonra yaşıl bayraqların çıxması ilə sessiya yenidən başlayıb. Françesko Banyaya trasa təzə təkərlərlə çıxsa da, ikinci döngədə səhv edib və nəticəsi yaxşı olmayıb. İtalyan sürücü 1.37.677 zaman nəticəsi göstərib. O, ikinci cəhdində 1.37.096 zaman nəticəsi göstərib və lider Fabio Kuartararodan 0.025 saniyə geri qalaraq ikinci olub.
Sessiyanın bitməsinə yarım saat qalmış KTM komandasının sürücüləri Bred Binder və Pedro Akosta ilk iki yerə gedirdilər. Daha sonra Bred Binder doqquzuncu döngədə qəza edib. Kuartararo bundan sonra liderliyə yüksəlsə də, bir neçə dövrədən sonra son döngədə qəza edib.
Mark Markes 1.36.258 zaman nəticəsi ilə liderliyi Kuartararonun əlindən alıb. Sessiyanın əvvəlində qəza edən Aleks Markes isə üçüncü olub.
Sessiyanın bitməsinə dörd dövrə qalmış Françesko Banyaya 1.36.094 zaman nəticəsi ilə birinci yerə yüksəlib.
Bu anda ardıcıl qəzalar baş verib. Cek Miller doqquzuncu, Raul Fernandes, Ai Oqura və Xoan Mir altıncı döngədə qəza ediblər.
Zirvə isə yenə əl dəyişdirib. Bu dəfə Aleks Markes 1.35.991 zaman nəticəsi ilə trasın rekordunu qırıb. Mark Markes isə altıncı döngədə etdiyi səhvlə nəticəsini yaxşılaşdıra bilməyib.
Beləliklə Aleks Markes əsas sərbəst yürüşlərində birinci olub. Françesko Banyaya ikinci, Franko Morbidelli üçüncü, Mark Markes dördüncü olublar.
Şərh əlavə et