Xəbəri Kokpitdə Oxuyun!

Səudiyyə Ərəbistanı 2025: Piastridən mövsümdə üçüncü qələbə

Sürücülər çempionatındakı ilk üçlük – McLaren sürücüləri və Maks Ferstappen cəmi 8 xallıq fərqlə mövsümün beşinci yarışına gəliblər.

Məşqlərdə McLaren sürücüləri üstün olublar və Ferstappen önə çıxmayıb. Lakin niderlandlı sürücü dünənki sıralanma turunda Norrisin qəza etməsi fonunda poulu əldə edib.

Pirelli bura yumşaq üçlüyü – C3, C4 və C5 təkərlərini gətirib. Norris, Hacar, Stroll və Hülkenberq sərt, qalan hamı orta təkərlərlə start alıb.

Yarışa Ferstappen və Piastri ilk, Rassell və Lekler ikinci, Antonelli və Sayns isə üçüncü cərgədən başlayıblar.

Startda Piastri Ferstappenə hücum edib və bir qədər önə keçib. İlk döngədə Maks trasdan çıxaraq yenidən birinci yerə yüksəlib. Qasli Tsunodaya hücum edib və toqquşma baş verib. Hər iki sürücü üçün yarış başa çatıb. TM trasa daxil olub. Ferstappen yerini qaytara bilmədiyi üçün 5 saniyəlik cəza alıb.

Okon və Bortoleto yarışın əvvəlindəcə dərhal yeni təkərlərə keçiblər. 3-cü dövrədə ilk onluq: Ferstappen – Piastri – Rassell – Lekler – Antonelli – Həmilton – Sayns – Norris – Elbon – Alonso.

Restart dördüncü dövrədə verilib, Ferstappen yerini qoruyub. Bir dövrə sonra Hacar Alonsonu ötərək ilk onluğa qalxıb. Bundan 2 dövrə sonra isə Norris Saynsı üstələyib. Maks cəzaya görə rəqibindən aralanmağa çalışsa da, Piastri təxmini 1 saniyəlik intervalda qala bilib.

Norris 13-cü dövrədə son döngədə Həmiltonu ötüb, lakin təcrübəli çempion növbəti düzlükdə yerini geri qaytarıb. Eyni vəziyyət növbəti dövrədə də təkrarlanıb. Nəhayət 15-ci dövrədə Lando istəyinə çatıb. Louson da Alonsodan üstün olub. O, bir qədər sonra Antonellini də ötüb və beşinci yerə qalxıb.

20-ci dövrədə Piastri, Antonelli və Alonso təkərlərini dəyişiblər. 21-ci dövrədə Rassell və Louson eyni addımı atıb. Piastri pit-stopdan sonra Həmiltonu qabaqlayıb. Ferstappen 22-ci dövrədə pit-yoluna gəlib, cəzasını çəkib və yeni təkərlərlə trasa qayıdıb.

Sonrakı iki dövrədə Elbon və Həmilton da pit-stopa dəvət ediliblər. Louson Bortoletoya hücum edərkən Alonso da eyni addımı atıb, lakin Sauberin debütantı ispan sürücünü görə bilmədiyi üçün aralarında insident yaşanıb. Fernando trasdan çıxmalı olub.

Louson Duhanı, Sayns isə Hülkenberqi ötüb. Lekler 30-cü dövrədə pit-stop edib. Sayns Strollu da geridə qoyub. Kanadalı sürücü Elbondan da geri qalıb. Alonso isə Okondan üstün olub. Duhan və Hülkenberq də təkərlərini dəyişiblər.

Norris yalnız 35-ci dövrədə pit yoluna üz tutub və trasa beşinci yerdə qayıdıb. Pit yolunun çıxışında ağ xətti tapdalamasına baxmayaraq, stüardlar ona heç bir cəza verməyiblər. Hacar da pit-stop edib. 35-ci dövrədə ilk onluq: Piastri – Ferstappen – Rassell – Lekler – Norris – Antonelli – Həmilton – Sayns – Elbon – Hacar.

Lekler üçüncülük mübarizəsində 38-ci dövrədə Rasselli üstələyib. Duhan ilə mübarizədə trasdan çıxıb üstünlük qazanan Lousona 10 saniyəlik cəza verilib. Stroll pit-stop edib. 41-ci dövrədə Norris də Rasselli geridə qoyub və dördüncü yerə yüksəlib. Haas sürücüləri komandanın istəyi ilə yer dəyişiblər – Okon Bermanı önə buraxıb.

Oskar Piastri mövsümdə üçüncü, karyerasında isə beşinci qələbəsini qazanıb və karyerasında ilk dəfə çempionatda liderliyə yüksəlib. Maks Ferstappen ikinci olaraq çempionatın ikincisi Lando Norrislə xal fərqini 2-yə salıb. Şarl Lekler isə özünə və Ferrari-yə mövsümdəki ilk podiumu bəxş edib.

Çempionat iştirakçıları bir həftəlik istirahətdən sonra Mayamiyə – daha bir şəhər yarışına yollanacaqlar. Düzdür, komandalar böyük yenilikləri daha iki həftə sonra baş tutacaq Emiliya Romanya Qran Prisinə gətirməyi planlaşdırırlar, amma yenə də biz Şimali Amerikada müəyyən yeni həllərin şahidi ola bilərik.

Çempionatda, ən azından sürücülər çempionatında gərgin mübarizə davam edir. Görək növbəti yarışdan sonra nəticələr necə olacaq? Mayami trası da şəhər tipli tras olduğu üçün səhvləri bağışlamır…

Elçin Zodorov

Şərh əlavə et