Xəbəri Kokpitdə Oxuyun!

Ciddə F2: Fersxur taktika ilə qalib gəlib

Formula 2 üzrə Səudiyyə Ərəbistanı yarışında MP Motorsport komandasının sürücüsü Rixard Fersxur qalib gəlib və çempionatda liderliyə yüksəlib. Podiumu Cek Krouford və Viktor Martin tamamlayıb. 

Kokpit.az xatırladır ki, dünən keçirilən sprint yarışında Arvid Lindblad qalib gəlmişdi. 

Bugünkü əsas yarışın startında isə Cek Krouford yerini qoruyub. Onu Martins və Fernaroli izləyiblər. Campos komandasının sürücüləri altıncı yer uğrunda mübarizə aparıblar. Pepe Marti komanda yoldaşı Arvid Lindbladı ikinci dönhədə xarici trayektoriyadan keçib.

Yarışın 8 və 9-cu dövrələrində əksər sürücülər SuperSoft təkərlərdən Medium təkərlərə keçmək üçün pitə gəliblər. Martins pitə bir dövrə gec gedərək, Kroufordun önünə keçib.

SuperSoft təkərli sürücülər pitə girdikdən sonra yarışa Medium təkərlə başlamış Fersxur liderliyə yüksəlib. Arxa tərəflərdə Dyun və Brouninq mübarizə apararkən Dyun rəqibini keçib, amma onu tras xaricinə çıxarıb. Bu həmlədən sonra komandası Dyundan yerini qaytarmasını istəyib.

Start-finiş düzlüyündə gedən mübarizədən sonra təmas yaşanıb və trasa qırıntılar saçılıb. Bunların təmizlənməsi üçün qısa müddətlik Virtual Təhlükəsizlik Maşını rejimi başlayıb.

Restartdan sonra Krouford yerini qaytarmaq üçün Martində hücumlar edib. Yarışın 12-ci dövrəsində britaniyalı sürücü sonuncu döngənin çıxışında Martinsə hücum etsə də, fransalı sürücü yerini qoruya bilib. Lakin 13-cü dövrədə Krouford daha inamlı hücum edərək, rəqibini qabaqlayıb və potensial olaraq liderliyə yüksəlib.

Yarışın 17-ci dövrəsində Medium təkərlərlə yarışa başlamış və pit-stop etməmiş yarışın lideri Rixard Fersxur işlənmiş təkərləri ilə ən sürətli dövrəni vurub və ən yaxın izləyicisi ilə fərqi 5.3 saniyəyə qaldırıb. Niderlandlı sürücü 20-ci dövrədə yenidən ən sürətli dövrəni vurub və ikinci yerlə fərqi 20 saniyəyə qaldırıb. Ümumilikdə 24 yaşlı sürücü yarış tempində çox güclü görünüb.

22-ci dövrədə Rixard Fersxur daha bir sürətli dövrə atıb və yarışın potensial lideri Cek Kroufordla fərqi 25 saniyəyə qədər qaldırıb.

24-cü dövrədə Fersxur pitə gəlib və problemsiz pit-stopdan sonra trasa Viktor Martinsin önündə qayıdıb. Lakin o, yarışın lideri Krouforddan təxminən 3 saniyə geridə qalıb. Lakin niderlandlı pilot son dövrələrdə təkər üstünlüyünə malik olub.

Yarışın son iki dövrəsində Fersxur sürətlə fərqi bağlayıb və Krouforda yaxınlaşıb. Son dövrəyə başlayanda isə DRS məsafəsinə girib və rəqibini mükəmməl hücumla geridə qoyaraq, mövsümdəki ilk qələbəsini qazanıb. Rixard bu qələbə ilə Sürücülər Çempionatında liderliyə yüksəlib.

Rauf Hacıyev

Şərh əlavə et