Məşqlərdə sürücülər ehtiyatlı başlayıblar və sürətlərini tədricən artırıblar. McLaren sürücüləri hər iki gün lider olublar. Pirelli bura keçənilki ilə müqayisədə, bir pillə daha yumşaq təkərlər – C3, C4 və C5 tərkiblərini gətirib.
Axşama yaxın havanın temperaturu 10 dərəcə aşağı düşsə də, tras 10 dərəcə soyuyub. Asfaltla ilişmə isə yaxşılaşıb.
İlk sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Piastri ilk cəhddə hamını qabaqlayıb. Hacar son döngənin çıxışında maneəyə toxunub və pitə yönəlib. Norris ikinci cəhdində liderliyi ələ alıb. Elbn 16-cı döngədə divara təmas edib, Bortoleto ilk döngədə yerində fırlanıb. Bortoleto, Okon, Hülkenberq, Duen və Stroll mübarizəni dayandırıblar.
İkinci sessiyada xüsusi maraqlı hadisə baş verməyib. Yenə hamı yumşaq təkərləri seçib. Norris ilk cəhdindəcə ən yaxşı nəticəni təyin edib – 1:27.481. Louson ilk cəhdini qaçırıb, lakin sonra trasa çıxıb. Berman, Hacar, Alonso, Louson və Elbon son həlledici mərhələyə keçə bilməyiblər.
Son sessiyada 1:27.560-lıq nəticə göstərən Piastri ilk sıraya yüksəlib. Həmin an sessiya qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb Norrisin 4-cü və 5-ci döngələr arasında qəzaya uğraması olub. Maşın təxliyə edilib, fasilə 9 dəqiqə çəkib. Fasilədən sonrakı cəhdlərdə Maks liderliyi ələ keçirib. Son cəhdlərdə əvvəlcə Rassell, sonra da Piastri fərqlənsələr də, yenə də son sözü Ferstappen deyib – 1:27.294. Bu, Ciddə trası üçün yeni mütləq rekorddur.
Maks Ferstappen mövsümdə ikinci, karyerasında isə 42-ci poulunu qazanıb. Sabahkı yarışa onun yanından Oskar Piastri başlayacaq. İkinci cərgədə Rassell və Lekler, üçüncü cərgədə isə Antonelli və Sayns qərarlaşacaqlar. Çempionatın lideri, 10-cu yerdən start alacaq Norrisdən daha irəlidə qərarlaşacaq digər üç sürücü isə Həmilton, Tsunoda və Qaslidir.
Üç DRS zonasının olduğu, lakin ötmələrə çox da imkan verməyən trasda Maks poulu qələbəyə çevirə biləcək? Norris nə qədər irəliləməyə nail olacaq və çempionatdakı vəziyyət necə dəyişəcək? Bütün suallara sabahkı yarışda cavab tapacağıq…
Şərh əlavə et