Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen problemlərdən danışıb

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, RB21-in balanssızlıq və təkər yeyilməsi kimi problemlərinin əsas səbəbi komandanın köhnə aerodinamik borusu deyil.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Yaponiya yarışında pouldan başladığı yarışı qazansa da, keçən həftə keçirilən Bəhreyn yarışında RB21-in zəif yönlərinin qurbanı olub və finişə 6-cı yerdə çatıb.

Komandanın rəhbəri Kristian Horner yarışdan sonra bildirib ki, keçən ildən bəri yaranan texniki problemlər davam edir. Trasdan alınan məlumatlarla aerodinamik borudakı məlumatlar üst-üstə düşmürlər.

Red Bull hazırda bazasında yeni aerodinamik boru hazırlayır. Lakin bu borunun 2027-ci ildən tez fəaliyyətə başlaması gözlənilmir.

Maks Ferstappen: “Əlbəttə, tamamilə razı deyilik və yeni aerodinamik boru üzərində işləyirik. Amma bunun vaxt aparacağını bilirdik. Bundan başqa bu problemlə bu il rastlaşmamışıq. 2023-cü ildə də aerodinamik boruda işlərin düz getmədiyini görmüşdük.

Amma komandanın bu sahədə təcrübəsi var və hansı yöndə inkişaf etməli olduqlarını bilirlər. Tək problem odur ki, bəzi xırda problemləri həll etməkdə çətinlik çəkirlər.

Lakin 2022 və 2023-cü illərdə bu aerodinamik boru ilə uğur qazanmışdıq. Hətta 2021-ci ildə də güclü idik. Buna görə də hər şeyi aerodinamik boru ilə əlaqələndirmirəm”.

Rauf Hacıyev

Şərh əlavə et