Xəbəri Kokpitdə Oxuyun!

Okon: Ciddə fiziki cəhətdən çətin olacaq

Haas komandasının sürücüsü Esteban Okon bildirib ki, Səudiyyə Ərəbistanı Qran Prisi onlar üçün fiziki cəhətdən çox çətin olacaq.

Kokpit.az bildirir ki, proqnozlara görə yarış günü Ciddədə 27 dərəcə istinin olması gözlənilir. Ancaq tras temperaturunun bəzi zamanlarda 60 dərəcə olacağı ehtmal olunur. Bu hal onsuz da çətin olan Ciddə trasını sürücülər üçün daha da yorucu edəcək.

6.1 kilometrlik Ciddə trası Qırmızı Dəniz sahilində yerləşir və 27 döngədən ibarətdir.

Esteban Okon: “Bura həyəcanlı trasdır. Sürücünü çox yorur. Divara bacardıqca yaxın getməlisiniz, ancaq belə olan halda yaxşı nəticə qazanmaq mümkündür. Divara nə qədər çox yaxınlaşsanız, o qədər yaxşı nəticə göstərərsiniz”.

Ciddənin dar, kor və yüksək sürətli döngələri bu trası daha da xüsusi edir. Mövsümün ən sürətli şəhər tipli trası olan Ciddədə səhvə yer yoxdur. Əksər döngələr altıncı ötürmədə keçilir və buna görə də sürücülər tamamilə diqqətli olmalıdırlar.

Sürücülər bu il Ramazan bayramına görə Ciddə yarışına əvvəlkindən daha gec gedirlər.

Esteban Okon düşünür ki, istilik və nəmə görə sürücülər fiziki cəhətdən daha çox çətinlik çəkəcəklər. Bu doğru ehtimaldır, çünki gecə sessiyalarında belə nəmin 50 faiz civarında qalması gözlənilir. Belə olan halda sürücülərə həm fiziki, həm də zehni cəhətdən çox yük düşür.

Esteban Okon: “Bu il ora əvvəlki illərdən daha gec gedirik. Təxminən 40 dərəcə temperatur olacaq. Buna görə də hamımızı çox çətin mübarizə gözləyir. İstiyə hazır olmalıyıq. Orada yarışmağı səbirsizliklə gözləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et