Kokpit.az xatırladır ki, fransalı sürücü yarışa dördüncü yerdən başlasa da, 57 dövrəlik yarış ərzində ilk onluqdakı yerini qoruyub və Alpine komandasına mövsümdəki ilk xalları qazandırıb.
28 yaşlı pilot uzun müddət Maks Ferstappeni arxasında saxlasa da, son dövrədə niderlandlı sürücünün hücumlarına tab gətirə bilməyib və yeddinciliklə razılaşıb.
Pyer Qasli: “Yarış bitən kimi danışmaq asan deyil. Son 20 dövrədə Maksı geridə saxlamaq üçün əlimdən gələni etdim. Son dövrədə yer itirmək çox əsəbpozucu oldu.
DRS zonasından güc-bəla ilə çıxırdım. Sonra daxilu trayektoriyaya gəldi və onu uzun müddət arxamda saxlaya bildim. Amma sonda təkərlərim tükənmişdi. Finişə yaxın olsam da, bacara bilmədim.
Bu həftəsonu Red Bull kimi komandalarla mübarizə aparmağımız gördüyümüz yaxşı işin nəticəsidir. Keçən həftə Yaponiyada çox çətinlik çəkmişdik. Xal belə qazana bilməmişdik. Maks o yarışda qalib gəldi. Amma bu həftəsonu ona qarşı son dövrəyə qədər mübarizə apardım. Bu komanda üçün böyük inkişafdır.
Komanda üçün mövsümün ilk xallarını almaq doğrudan da sevindiricidir. Strategiya çox yaxşı idi, pit-stoplar mükəmməl oldu və bolid rəqabətədavamlı idi. Ümid edirəm ki, inkişaf edərək yolumuza davam edə bilərik.
Bolidin burada niyə belə güclü performans göstərdiyini anlamalıyıq. İnanıram ki, bu səviyyədə performansı başqa traslarda da göstərə bilərik. Amma önümüzdə həll etməli olduğumuz işlər var”.
Şərh əlavə et