Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton öyrəşmə prosesindən danışıb

Ferrari komandasının sürücüsü Lyuis Həmilton Bəhreyn yarışından sonra yeni komandasına öyrəşmə prosesindən danışıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Bəhreyndəki sıralanma turunda 9-cu olub və bundan sonra əhvalı pozulub. Ancaq yarışda daha yaxşı çıxış edərək, finişə beşinci yerdə çatıb və əhvalı az da olsa düzəlib.

Lyuis Həmilton: “Doğrudan da maşın mənə çox yad gəlir. Biz pilotlar öyrəndiklərimizə bağlı qalırıq. Bəzən düşünürəm ki, öyrəşdiyim kimi sürməliyəm və maşın mənə uyğun olmalıdır. Lakin bu işə yaramır.

Buna görə də maşına uyğunlaşmağa çalışıram. Bundan başqa maşında istifadə etdikləri sazlanma üsulları da fərqlidir. Maşın tamamilə fərqli formada sürülür.

Sadəcə bir nümunə çəkəcəyəm. Son 12 ildə heç motor əyləcində istifadə etməmişdim, amma burada maşını döndərmək üçün motor əyləcindən çox istifadə edirik. Əyləclərimiz tamamilə fərqlidir. Keçmişdəkindən çox fərqlənir.

Bolidi döndərmək üçün arxa əyləclərdən istifadə etməli oluram. Bəzən də yükü ön tərəfə verməli oluruq. Bu isə o deməkdir ki, maşında öyrəşdiyimdən çox balans pəncərəsi var.

Yarışa gəldikdə isə birinci pit-stopdan sonra maşınla yaxşı uyğunlaşmışdım. Balans tam yerində idi. Sürüş tərzim o an işə yarayırdı.

Yarışda çox şey öyrəndim. Əslində bu həftəsonundan çox məlumat topladım. Əvvəlki həftəsonlarından daha çox.

Əsas məsələ odur ki, hər həftəsonu bu səviyyəyə çataq. Maşın fərqli sürüş tərzi tələb etsə də, buna yavaş-yavaş öyrəşirəm”.

Rauf Hacıyev

Şərh əlavə et