Xəbəri Kokpitdə Oxuyun!

Qasli Maksla Landoya başağrısı olmaq istəyir

Alpine komandasının sürücüsü Pyer Qasli Bəhreyn Qran Prisinin sıralanma turunda göstərdiyi güclü performansdan sonra yarışda ən yaxşı komandalarla mübarizə aparmaq istəyir. 

Kokpit.az xatırladır ki, fransalı sürücü sıralanma turunda Lando Norris və Maks Ferstappeni qabaqlayaraq beşinci olub. Lakin sessiyadan sonra Kimi Antonelliyə verilən startda bir yer itirmək cəzası ilə yarışa 4-cü yerdən başlayacaq. 

Pyer Qasli: “Güclü komandaların işini çətinləşdirə bilsək, əla olar.

Şərtlər bizim xeyrimizə idi və yaxşı dövrə vurduq. Bu da boliddə həqiqətən yaxşı potensialın olduğunu göstərir.

Lakin arxamızda çox sürətli rəqiblər var. Lando və Maks yarışda bir-birləri ilə mübarizə aparsalar və məni tək qoysalar, minnətdar olaram!”

Fransız sürücü komandasının bu qədər yüksək yer tutacağını gözləmədiyini və xüsusilə üçüncü sessiyada vurduğu dövrədən sonra təəccübləndiyini bildirib: “Sıralanma turundan əvvəl biz ən yaxşı halda onuncu və ya doqquzuncu yer üçün mübarizə aparacağımızı düşünürdük. Amma həmişə əlimizdən gələni edirik və mən 1-ci sessiyadan 3-cüs essiyaya qədər çox inkişaf etdim. Poul dövrəsindən cəmi 0,3 saniyə geri qaldıq. Bu, həqiqətən inanılmazdır. Komanda üçün çox yaxşı gün idi. İndi isə ilk xalları almalıyıq”.

Pyer Qasli sonda Alpine-nin son bir ildəki çətin dövrlərini xatırladıb:  “12 ay əvvəl heç də yaxşı deyildik. Axırıncı yerdə idik və çox çətinlik çəkirdik. Bu gün isə bunu bacardığımız üçün çox şadam. Komandanın indiyə qədər gördüyü işdən çox qürur duyuram. Avtomobil həqiqətən təsir edici idi, xüsusən də ön hissədə çox güclü ilişmə var idi. Son bir neçə dövrədə hər şeyi həll etdik, bu, bizə çox xüsusi hisslər verd. Sıralanma turundakı paket bizi beşinci yerə çıxardı. İndi bacardıqca onu qoruyub saxlamağa çalışacağıq”.

 

Rauf Hacıyev

Şərh əlavə et