Kokpit.az xatırladır ki, niderlandlı sürücü Saxirdəki sıralanma turunda yeddinci yeri tutub. O, son sessiyaya 9-cu yeri tutaraq çıxa bilib. Bunda Red Bull RB21-in asfaltla ilişmə və əyləc problemlərinin rolu var idi. Dördqat Dünya Çempionu poul qazanmış Oskar Piastridən 0.582 saniyə geridə qalıb.
Maks Ferstappen: “Hazırda McLaren mənim rəqibim deyil. Mən bu mövsüm çempionluq mübarizəsində deyiləm. Mən sadəcə çempionatın bir hissəsiyəm”.
Çempionluq uğrunda mübarizə aparacağını gözlədiyini soruşduqda Maks belə cavab verib: “Xeyr, mən bu il çempionluq uğrunda mübarizə aparmıram”.
Suzukada möhtəşəm sıralanma dövrəsindən sonra poul və qələbə qazanan Ferstappen Bəhreyndə tamam başqa mənzərə ilə üzləşib.
Saxir trası yüksək temperatura və təkəri tez yeməsinə ilə Red Bull-un zəif tərəflərini üzə çıxarıb.
Son dörd ilin Dünya çempionu bu barədə belə danışıb: “McLaren ilə aramızdakı fərqə baxsanız, bu, heç də təəccüblü deyil. Qış testində komandaya demişdim ki, fərq yarım saniyədir və bunun doğru olduğu ortaya çıxdı. Bu barədə haqlı idim. Mövsümə nəzər saldıqda, heç vaxt real şansımız olduğunu düşünməmişdim. Əgər rəqiblərimiz Suzuka-dakı sıralanma turunda olduğu kimi səhv etsələr, biz irəli gedə bilərik. Suzukada hücum etmək mümkün deyildi və biz qalib gəldik. Amma bu, həmişə belə olmur”.
Yaponiyada olduğu kimi Bəhreyndə də bolidin sazlanmaları gecə ərzində tamamilə dəyişdirilin. Lakin Maks Ferstappen bildirib ki, əllərindən daha heç nə gəlmir: “Boliddə hər şeyi sınadıq, amma heç biri işə yaramır. Buna görə də problem sazlanmalarda deyil. Sıralanma turu yenidən keçirilsə belə nəyi fərqli edəcəyimizi bilmirəm. Bu trasa uyğun olan hər şeyi sınadıq”.
Maks Ferstappen sonda yarışdakı şansları barədə danışıb: “Lando bolidin sürəti hesabına böyük ehtimalla ilk üçlüyə yaxınlaşacaq. Əlbəttə, geriyə düşmə ehtimalı olan bir Alpine var, amma ondan başqa digər sürücüləri keçmək çətin olacaq, çünki bizim tempimiz də orta qrupdakı komandalara çox yaxındır. Əlimdən gələnin ən yaxşısını edəcəyəm, lakin bunun podium ya da altıncı yer üçün bəs edəcəyini bilmirəm”.
Şərh əlavə et