Kokpit.az xatırladır ki, britaniyalı sürücü Bəhreyn yarışını ikinci yerdə başa vurub. Lakin o yarışın sonlarında əyləc sistemindəki problemlərə görə çətin anlar yaşayıb. Digər tərəfdən isə Lando Norris ona yaxınlaşaraq, hücumlara başlayıb. Lakin Corc yerini qoruyaraq, ikinci olub və builki ən yaxşı nəticəsini qazanıb.
Corc Rassell: “”Bir müddət hər şey nəzarət altında idi, amma yarışın sonlarında qəfildən əyləc sistemində nasazlıq yarandı. Əyləc pedalının reaksiyası getdikcə daha da uzanırdı. Nə baş verdiyini anlaya bilmirdim. Sükan da düzgün işləmirdi. Landonu arxamda saxlamaq çox çətin idi. Düşünürəm ki, daha bir dövrə olsaydı, o, məni asanlıqla keçə bilərdi.
Oskar başqa səviyyədə idi. Onu və McLaren-i təbrik edirəm. Bizim gözümüzlə baxsaq, son dörd yarışda tamamilə fərqli traslarda üç podium qazandıq. Bu, gələcəyə inam yaradır”.
Yarış zamanı qaydalara zidd olaraq DRS sisteminin qısa müddətə işə salınması ilə bağlı iddialardan danışan Corc Rassell bunun yaşadıqları texniki problemlərdən qaynaqlandığını bildirib: “Bizim bir çox problemimiz var idi. Əsasən DRS sistemini əl ilə aktivləşdirməli olduq. Mən təsadüfən bir dövrədə radio düyməsini basdım və DRS işə düşdü. Dərhal onu söndürdüm və ayağımı qazdan götürdüm. Bu, bizə heç bir qazanc gətirmədi. Əksinə burada vaxt itirdik. Bu, sadəcə bir anlıq idi, lakin bu, bizim yaşadığımız problemlərin miqyasını göstərir.”
Şərh əlavə et