Xəbəri Kokpitdə Oxuyun!

Alonso sükan problemindən danışıb

Aston Martin komandasının sürücüsü Fernando Alonso Bəhreyn Qran Prisinin ikinci sərbəst yürüşlərində sükan problemi yaşayıb.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Bəhreyndə qəribə hal yaşayıb. Sessiyanın ikinci dövrəsində Alonsonun sükanı maşından ayrılıb. Sükanın ekranı tamamilə qaralıb və bir neçə saniyədən sonra mildən çıxıb.

Fernando Alonso bundan sonra radiodan komandasına “Sükanı dəyişdirin. Problem var. Öz-özünə bağlanır”.

Sessiyadan sonra ikiqat Dünya Çempionu problem barədə bunları danışıb: “Bəli. Maşın işləmirdi və ötürmələri dəyişdirə bilmirdim. Göstəricilər bağlandı. Buna görə də komanda ilə əlaqə yarada bilmədim və son döngədə sükan tamamilə çıxdı. Böyük ehtimalla sükan milində ya da linklərdə problem var idi. Mexaniklər tezliklə detalları dəyişdirdilər və problemi həll etdilər. Qısa müddətdə problemi həll etdikləri üçün onlara təşəkkür edirəm”.

Aston Martin isə sessiyadan sonra bu açıqlamanı yayıb: “Fernandonun maşınında sükanla bağlı bir problem tapdıq. Boksda bunu həll etməyə çalışırıq. Təhlillərdən sonra sükan sistemində bəzi detallar dəyişdirilir”.

Fernando Alonso trasa qayıtsa da, sonda 15-ci yeri tutub: “Çətin həftəsonu olacaq. Buraya gəlməmişdən əvvəl tempimizin olmadığını bilirdik. Bəhreyn trasının quruluşu paketimiz üçün uyğun deyil. Sərbəst yürüşlərdə də geridə olduğumuz təsdiqləndi. Çətin həftəsonu olacaq, amma öyrənməyə çalışacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et