Kokpit.az xatırladır ki, birinci sərbəst yürüşlərdə altı komanda trasa debütant sürücü çıxarmışdı. Lakin ikinci sərbəst yürüşlərdə bütün komandalar öz heyətləri ilə çıxış ediblər.
Bəhreyndə ikinci sərbəst yürüşlərdə hava temperaturu 30 dərəcə, asfalt temperaturu isə 36 dərəcə olub.
Sessiya başlayan kimi bütün sürücülər trasa çıxıblar. İlk dövrəni Ferrari komandasından Şarl Lekler atıb.
Aston Martin komandasından Fernando Alonso isə sükanında problem yaşadığı üçün boksa gələrək, sükanını dəyişdirib. Sessiyanın əvvəllərində Williams komandasının sürücüsü Aleks Elbon trasdan çıxıb.
McLaren-dən Oskar Piastri birinci döngədə, komanda yoldaşı Lando Norris isə 10-cu döngədə əyləclənmədə səhv edərək təkərlərini kilitləyiblər. Lando Norris radiodan dəbilqəsinin dəyişdirilməsini istəyib.
İlk 15 dəqiqədən sonra komandalar hər 3 təkər tərkibindən də istifadə ediblər. Bu ana qədər ən sürətli dövrəni Corc Rassell vurub.
Sessiyanın 20-ci dəqiqəsində Ferrari komandasından Şarl Lekler atdığı dövrə ilə liderliyə yüksəlib. Onu komanda yoldaşı Lyuis Həmilton izləyib.
Sessiyanın ikinci yarısında komandalar əsasən yarış tempinin üzərində işləyiblər. Komandalar bu anda fərqli tərkibləri sınaqdan keçiriblər. Sessiyanın bu hissəsində trasda insident azalsa da, komandalar vacib məlumatlar toplayıblar.
Sessiyanın sonuna 10 dəqiqə qalmış McLaren komandasının sürücüləri zirvəyə oturublar. Ancaq “narıncılar”ın hər iki sürücüsü trasın bəzi hissələrində problemlər yaşayıblar.
Beləliklə Oskar Piastri 1.30.505 zaman nəticəsi ilə cümə gününü zirvədə bağlayıb. Onu Lando Norris və Corc Rassell izləyiblər.
Şərh əlavə et