Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso Ferstappeni özünə oxşadır

Aston Martin komandasının sürücüsü Fernando Alonso Maks Ferstappenin builki performansını özünün 2012-ci ildəki çıxışına bənzədib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü 2012-ci ildə Çempionluq uğrunda mübarizəni son yarışa qədər davam etdirmiş və sonda Red Bull komandasından Sebastyan Fettelə cəmi 3 xal uduzaraq titulu əldən vermişdi. Lakin Fernandonun mövsüm ərzində göstərdiyi performans hamı tərəfindən rəğbətlə qarşılanmışdı.

Maks Ferstappen Yaponiya yarışını qazandıqdan sonra 43 yaşlı pilot onu tərif yağışına tutub.

Fernando Alonso: “Maks doğrudan da təsiredici performans göstərir və buna təəccüblənmirik. Nə qədər güclü olduğunu bilirik. Çempionluq şansını qorumaq üçün əlindən gələni edir və hazırda Lando Norrisdən sadəcə 1 xal geridədir.

Bütün bunlar mənə 2012-ci ili xatırladır. O vaxt Ferrari sürət cəhətdən üçüncü ya da dördüncü komanda idi, amma biz yenə də çempionluq uğrunda mübarizə apardıq. Ümid edirəm ki, Maks da son yarışa qədər çempionluq iddiasını davam etdirər.

Üçüncü və ya dördüncü sürətli maşınla çempionluq uğrunda mübarizə aparmağın çətin olduğunu bilirəm, çünki bunu yaşamışam. Red Bull titul şansını qorumaq istəyirsə, maşını aktiv formada inkişaf etdirməlidir. Maks onsuz da dörd dəfə Dünya Çempionluğu qazanıb və buna görə də maşın yaxşı olmasa da, yarışa bilər.

İnsanlar belə hallarda bir Qran Prini qüsursuz formada tamamlamağın nə qədər çətin olduğunu bilmirlər. 2012-ci ildə mənim maşınım çox güclü deyildi, amma çempionluq uğrunda mübarizə apardıq”.

Qeyd edək ki, Fernando Alonso 2012-ci ildə 3-ü qələbə olmaqla 13 podium qazanmışdı. O, Malaziya, Avropa və Almaniya yarışlarında qalib gəlmişdi.

Rauf Hacıyev

Şərh əlavə et