Kokpit.az xatırladır ki, Ferrari bu həftəsonu Bəhreyn Qran Prisindən əvvəl vacib bir qərarı müzakirə edir. SF-25 üçün yeni altlıq düzəldilib və yarışa hazırdır. Ancaq bu yeniliyin Bəhreyndə yoxsa Mayamidə debüt edəcəyi barədə komandadaxilində fikir ayrılıqları yaşanır.
Simulyatordan gələn məlumatlara görə yeni altlıq aerodinamika və asfaltayatma qüvvəti cəhətdən yaxşı nəticələr verib. Buna görə də aerodinamik şöbə altlığın Bəhreyndə istifadə edilməsinin tərəfdarıdır.
Lakin İtaliya mətbuatı yazır ki, komandanın rəhbəri Frederik Vassyör və texniki direktor Loik Serra daha təmkinli davranırlar. Onlar düşünürlər ki, maşın hələ də ideal balansda işləmir və bu problemlər həll olunmadan yeni altlıq gətirməyin mənası olmayacaq.
Buna görə də komanda düşünür ki, Bəhreyndəki cümə sərbəst yürüşlərində yeni və əvvəlki altlığı müqayisə etsinlər və belə qərar versinlər. Bu barədə qəti qərarın dördüncü gün verilməsi gözlənilir.
Şərh əlavə et