Kokpit.az xatırladır ki, italyan sürücü Suzuka trasında builki ən yaxşı yarışını keçirib.
Hələ 18 yaşı olan Antonelli Yaponiya yarışında gec pit-stop edərək, yarışda lider olan ən gənc sürücü statusunu Maks Ferstappenin əlindən alıb. Ancaq bu, onun yarışda göstərdiyi gözəl performansın sadəcə bir hissəsi idi.
Debütant sürücü yarışı elə başladığı kimi altıncı yerdə başa vurub. Lakin onun göstərdiyi performans əksəriyyətin xoşuna gəlib.
Kimi Antonelli yarışa Medium təkərlərlə başlayıb və pit-stopa hamıdan sonra gedib. O, təkərlərə təcrübəli pilot kimi nəzarət edib. Önündəki beş sürücünün pitə girməsi ilə bir neçə dövrə lider gedib və adını Formula 1-in tarixinə yazdıdıb.
Yarışdan sonra müsahibə verən Kimi Antonelli bunları deyib: “Bir neçə dövrə olsa da, yarışa liderlik etmək gözəl hiss idi. Lakin bu hal mənim diqqətimi pozmadı. Əsas kökləndiyim şey yaxşı yarış tempi idi.
Yarışın gedişatından və xüsusən Hard təkərlərlə olan tempimdən razıyam. Yarışın sonlarında maşınımla daha çox oynaya bilirdim və bu çox gözəl hiss idi”.
Kimi Antonelli Hard təkərlərə keçdikdən sonra sözün əsl mənasında parıldamağa başlayıb. Hard təkərlərə təzə keçəndə önündəki Corc Rasselldən 9 saniyə geridə qalsa da, yarışın sonunda bu fərq 1.3 saniyə olub. O finişə arxasındakı Lyuos Həmiltondan 10.5 saniyə tez çatıb.
Bu isə o demək idi ki, debütant sürücü Hard təkərlərlə trasın ən sürətlisi olub: “Bunu artıq öyrənmişəm. Hər həftəsonu daha çox təcrübə əldə edirəm. Təkərləri və maşını harada limitdə istifadə edəcəyimi daha yaxşı anlayıram. Xüsusən də, sıralanma turunda özümü təkmilləşdirməliyəm. Növbəti yarışın keçiriləcəyi Bəhreyn trasını daha yaxşı tanıyıram. Buna görə də sıralanma turunda daha yaxşı nəticə qazanıb, yarışda yaxşı yer tutmaq üçün əlimdən gələni edəcəyəm”.
Debütant pilot sonda ona edilən tərifləri sadəlöhv formada qarşılayıb: “Bəzi sözlər nə qədər tərif üçün olsa da, xoşuma gəlmir. Yarış tempimə mən belə təəccübləndim. Xüsusən də radiodan mənə “trasdakı ən sürətli sürücü sənsən” deyəndə özümü itirdim. Lakin əlimdən gələni etdim, çünki önümdəkilərə yaxınlaşdığımı görürdüm. Sona qədər inansam da, vaxtım çatmadı”.
Şərh əlavə et