Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Maks mənə yer qoyan deyil

McLaren komandasının sürücüsü Lando Norris Suzukada Maks Ferstappenlə yaşadığı pit çıxışı insidentindən danışıb.

Kokpit.az xatırladır ki, Maks Ferstappen pouldan başladığı yarışı qazanıb. Lando Norris isə ikinci yeri tutub.

Britaniyalı pilot yarışdan sonra fikirlərini bildirib: “Məncə, yarışı dünən əldən verdim. Maks bu gün yaxşı iş gördü və heç səhv eləmədi. Tempimiz çox yaxın idi, amma daha yaxşısını etmək mümkün deyildi.

Startdan finişə qədər tam qaz yarışdıq. Doğrudan da çətinlik çəkdim. Bu gün yetərli deyildik. Maksa qarşı üstünlüyümüz yox idi. Çox sürətli idi və səhv etmədi. Yəni ki, qələbəyə layiq idi.

Yenə də həftəsonumuz yaxşı keçdi. Əlbəttə, istədiyimiz yeri tuta bilmədik, amma hər həftəsonu qələbə uğrunda mübarizə aparırıq. Bu həftə Maks Ferstappen və Red Bull qələbəyə layiq idilər.

Onsuz da sürətli idilər. İndi də bizə yaxınlaşıblar. Belə görünür ki, bolidi təkmilləşdiriblər. Biz komanda olaraq bu həftəsonu o qədər də güclü deyildik. Buna görə də növbəti yarışa yaxşı hazırlaşmalıyıq”.

Yarışın 22-ci dövrəsində Lando Norris və Marks Fertappen pitdən sonra pit yolunun çıxışında yan-yana gəliblər və az qala təmas ediblər. McLaren pilotu qazonlu sahəyə çıxaraq qəzadan qaçıb.

Lando Norris bu barədə belə danışıb: “Məncə, bu yarışın bir hissəsidir. Sözün açığı, Maks mənə boşluq buraxacaq ən son adamdır. Bunu pis mənada demirəm. Doğrudan da rəqabətədavamlıdır. Buna görə deyirəm. Bu barədə çox şərh verməyəcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et