Xəbəri Kokpitdə Oxuyun!

Yaponiya-2025: Ferstappen Suzukaya evində poul hədiyyə edib

Suzukada sıralanma turu həmişə maraqlı olur. Trasda sürücülərdən soyuqqanlılıq və dəqiqlik tələb edən bütün mümkün döngə növləri var. Qırmızı bayraq ehtimalı da həmişə yüksək olur.

Bura gəlməzdən əvvəl F1-dəki ən populyar mövzu ilk 2 yarışda gözləniləni verməyən Liam Lousonun yerinə Yuki Tsunodanın Red Bull-a gətirilməsi olub. Sürücü əsas komandada debütünü ev yarışında edib.

Burada gözlənilməz problemlərdən biri trasın kənarındakı ot örtüklərinin alışması olub. Buna görə cümə günü iki dəfə sessiyalar dayandırılıb. Bu gün səhər ot biçilərək suvarılsa da, son məşqlərdə yenə alovlanma baş verib. Sıralanma turundan əvvəl yenə də həmin ərazilər suvarılıb.

Məşqlərdə McLaren sürücüləri fərqlənib, onlara ən yaxın nəticəsni isə Corc Rassell göstərib. Pirelli bu mövsüm ilk dəfə sərt üçlüyü – C1, C2 və C3 təkərlərini gətirib.

İlk sessiyada Həmilton birinci cəhdi üçün Medium təkərləri seçib, qalanları isə Soft təkərlərlə trasa çıxıblar. İkinci cəhdlər sonrasında Piastri ən yaxşı nəticəni göstərib – 1:27.687. Rassell iki McLaren sürücüsü ayırıb. Stroll, Duen, Okon, Bortoleto və Hülkenberq üçün mübarizə erkən başa çatıb.

İkinci sessiyada hamı yumşaq təkərlərlə trasa üz tutub. Norris 1:27.146 ilə yeni etalon təyin edib. 130R düzlüyü tərəfində otların alışması qırmızı bayraqlara səbəb olub. Fasilə 5 dəqiqə davam edib. Sayns sürətli dövrəsində olan Həmiltona mane olub. Norrisin nəticəsi ən yaxşı olaraq qalıb. Finala adlaya bilməyən 5 sürücü isə Tsunoda, Louson, Alonso, Sayns və Qasli olub.

Son sessiyada Piastri ilk yerin sahibi olub. İkinci və həlledici cəhdlərdə əvvəlcə Norris onu üstələyib. Lakin Ferstappen onların hər ikisini geridə qoyaraq trasın yeni rekordunu müəyyən edib – 1:26.983.

Maks Ferstappen mövsümdə ilk, karyerasında isə 41-ci poulunu qazanaraq Honda-ya ev yarışında gözəl hədiyyə verib. Sabah yarışa onunla ilk cərgədən çempionatdakı əsas rəqibi Lando Norris başlayacaq. İkinci cərgədə Oskar Piastri və Şarl Lekler, üçüncü cərgədə isə Mercedes sürücüləri qərarlaşacaqlar.

Maks Ferstappen mövsümdəki ilk poulunu mövsümdəki ilk qələbəyə çevirə biləcək? Bu sualın cavabına sabah Bakı vaxtı ilə 09:00-da start götürəcək yarışın sonunda cavab tapacağıq…

Elçin Zodorov

Şərh əlavə et