Xəbəri Kokpitdə Oxuyun!

Y.Tsunoda: Utanıram

Red Bull komandası ilə debüt edən Yuki Tsunoda sıralanma turunun ikinci sessiyasında ələndikdən sonra çox utandığını etiraf edib.

Kokpit.az xatırladır ki, yaponiyalı sürücü Red Bull ilə ilk sıralanma turuna öz ölkəsində çıxıb və 15-ci yeri tutaraq, ikinci sessiyadan ələnib.

İki yarışdan sonra Red Bull-dan göndərilən Liam Louson isə Racing Bulls ilə 14-cü olaraq, daha yaxşı nəticə əldə edib.

Yuki Tsunoda: “Birinci sessiya yaxşı idi. Amma bu bolidin sazlanma aralığı doğrudan da çox dardır və buna görə də qızdırma dövrəniz belə mükəmməl olmalıdır. Mən isə ikinci sessiyadakı son cəhdimdə  qızdırma dövrəsini əvvəlki kimi vura bilmədim. Bu da yekunda fərq yaratdı.

Bolidə güvənirəm və öyrənmə prosesim davam edir. Amma yaxşı nəticə qazana bilmədiyim üçün utanıram”.

Yaponiyalı sürücü əlavə edib ki, bu həftəsonu çox qırmızı bayraqlar çox çıxdığı üçün maşına öyrəşməkdə çətinlik çəkib: “İkinci sessiyanı demək olar ki, Red Bull barədə kitab oxuyaraq keçirdim. Məncə, nə demək istədiyimi anlayırsınız. İkinci sərbəst yürüşlərdə də məhdud vaxtım var idi. Üçüncü sərbəst yürüşlərdə  bir az maşına öyrəşə bildim. Sıralanma turunun birinci sessiyasında isə özümü yaxşı hiss edirdim. Lakin ikinci  sessiyada heç gözləmədiyim bir şey oldu. Daha bir cəhd etsəm, nəticə fərqli olardı, amma təəssüf ki, həmişə hər şeyi bir araya gətirə bilmirsiniz”.

Rauf Hacıyev

Şərh əlavə et