Kokpit.az xatırladır ki, britaniyalı sürücü Suzukadakı birinci və üçüncü sərbəst yürüşlərdə zirvədə qərarlaşmışdı. O, sıralanma turunun ikinci sessiyasında da birinci yeri tutmuşdu. Buna görə də poul uğrunda mübarizədə əsas favorit idi. Son cəhdlərdən sonra Lando yenə birinci yerdə idi. Əksəriyyət artıq 25 yaşlı pilotun poulunu qeyd etməyə başlamışdı.
Lakin Maks Ferstappen son cəhdində gözlənilmədən möhtəşəm dövrə vuraraq, Lando Norrisi 0.012 saniyə qabaqlayıb və poul qazanıb. Norris isə sabahkı yarışa ikinci yerdən start verəcək. Oskar Piastri isə yarışa üçüncü yerdən başlayacaq.
Lando Norris: “Sözün açığı sevincliyəm, çünki əlimdən gələnin ən yaxşısını etdiyimi düşünürəm. Bu fərq çox kiçikdir. Amma Maks əla dövrə vurdu.
Onu təbrik edirəm. Çox yaxşı iş gördü, həqiqətən də təqdirəlayiq performans göstərdi. Bunu təqdir etmək lazımdır. Əlbəttə ki, McLaren sürücülərinin ön cərgədə olması xoşdur, lakin bu kifayət deyil.
Mən 7-ci döngənin çıxışında trasdan bir az çıxdım. Bu, sadəcə kiçik bir səhv idi, amma dövrəvi nəticənizin zibilə dönməsi bu qədər asandır. Son dövrəm çox yaxşı idi. İndi başqa dövrə vursaydım, son cəhdimdən yaxşı olmazdı. Düşünürəm ki, biz limitləri aşdıq, lakin bu gün kifayət qədər sürətli deyildik.
Məqsədimiz qələbə qazanmaq olacaq, amma sabah hava şəraitinin necə olacağını heç kim bilmir. Bəlkə də Avstraliya Qran Prisindəki kimi fərqli bir yarış görəcəyik.
Maraqlı yarış olacaq. Biz Maksı keçmək istəyirik, amma əminəm ki, o, birinci yeri qorumağa çalışacaq. Amma əvvəllər də belə mübarizələrimiz olub. Buna görə də həyəcanlıyam”.
Qeyd edək ki, sabah yarışda yağış yağma ehtimalı var.
Şərh əlavə et