Xəbəri Kokpitdə Oxuyun!

Gülhüseyn Abdullayev yaxşı start verib

Azərbaycanı daha əvvəl böyük yarışlarda təmsil etmiş Gülhüseyn Abdullayev bu dəfə Gulf Radical Cup Seriyasında mübarizəyə qoşulub. O, bu gün Dubay Avtodromunda trasa çıxaraq, ölkəmizi layiqincə təmsil edib. 

Kokpit.az bildirir ki, 27 yaşlı təmsilçimiz bu yarışa İnnovasiya və Sürət lideri Bakcell şirkətinin dəstəyi ilə qatılıb. Azərbaycanı Formula yarışlarında təmsil edən yeganə sürücü olan Gülhüseyn ilk dəfə qatıldığı bu seriyada hələlik uğurlu çıxışı ilə yadda qalıb.

Yarışın formatı belədir – Sprint sıralanma turu, iki sprint yarışı, əsas yarış üçün sıralanma turu və 45 dəqiqəlik dözümlülük yarışı.

Bu gün keçirilən sıralanma turunda Quka qənaətbəxş performans göstərərək, 8-ci yeri tutub. Bundan sonra sprint yarışları başlayıb. O, birinci sprint yarışında sazlanma problemi yaşayaraq, 11-ci olub. İkinci sprint yarışına isə 9-cu yerdən başlasa da, startda 3 rəqibini geridə qoyub və finişə 6-cı yerdə çatıb. Sürücümüzün bu seriyada debüt etdiyini nəzərə alsaq, bu, yaxşı nəticədir.

Sabah təmsilçimizi əsas yarış üçün sıralanma turu və 45 dəqiqəlik dözümlülük yarışı gözləyir.

İndi isə sizə Gulf Radical Cup Seriyası barədə məlumat vermək istəyirəm. Bu seriya 2006-cı ildən təşkil edilir və xüsusilə Asiya bölgəsinin sürücülərinin ən çox seçdiyi seriyadır. Burada prototip maşınlardan istifadə edilir. Maşınlar 1.5 motor həcmlidir və 232 at gücü qüvvəsinə malikdir. Maşının çəkisi 620 kiloqramdır. Bu maşınlar güclü asfaltayatma qüvvəsinə sahibdir.

Qeyd edək ki, Gülhüseyn Abdullayev 2004-cü ildən bəri Azərbaycanı müxtəlif avtoidman seriyalarında təmsil edib. Onun ən böyük uğuru 2016-cı ildə ölkəmizi Formula 3-də təmsil etməsidir. Quka ölkəmizi Formula yarışlarında təmsil edən ilk və hələlik son sürücü kimi tarixə düşüb.

Gülhüseyn Abdullayevi bu yarışda dəstəkləyən Bakcell şirkəti isə 1994-cü ildən bəri fəaliyyət göstərir və hazırda üç milyondan çox müştərisi var. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

Bakcell şirkəti süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

Rauf Hacıyev

Şərh əlavə et