Xəbəri Kokpitdə Oxuyun!

Berman təəccüblənib

Haas komandasının sürücüsü Oliver Berman Yaponiya Qran Prisinin sıralanma turunda son sessiyaya qalaraq, surprizə imza atıb.

Haas komandasının sürücüsü Oliver Berman Yaponiya Qran Prisinin sıralanma turunda göstərdiyi performansla həm özünü, həm də komandasını təəccübləndirib. Gənc pilot karyerasında ilk dəfə sıralanma turunun son sessiyasına  vəsiqə qazanıb və sabahkı yarışa 10-cu yerdən başlayacaq.

Oliver Berman sessiyadan sonra bunları deyib: “Sözün düzü mən ikinci sessiyaya vəsiqə qazanacağımı belə gözləmirdim. Buna görə də üçüncü sessiyaya vəsiqə qazanmaq əla hissdir. Həftə sonu olduqca çətin keçdi, çoxlu uğursuzluqlar oldu. İkinci və üçüncü sərbəst yürüşlərdə Soft təkərlərlə tam dövrə vura bilmədim.

Ümumilikdə, mənim tempim yaxşı idi və mən boliddə özümü kifayət qədər rahat hiss edirdim. Birinci və ikinci sessiyadan sonra doğrudan da limitləri sona qədər istifadə etməyə başladım.

Suzukadakı möhtəşəm dövrəsindən sonra yapon azarkeşlərin dəstəyini alan Oliver Berman trasdakı ab-havanı bu sözlərlə izah edib: “Həyatımda keçirdiyim ən əyləncəli anlardan biri idi. Bu boliddə yüngül çənlə sıralanma turuna çıxmaq inanılmazdır. Xüsusilə 1-ci sektorda ilişmə çoxdur. Boynum razı qalmasa da, bədənimin qalan hissəsi həzz aldı”.

Haas komandasının rəhbəri Ayao Komatsu isə sürücüsünün nailiyyətini bu sözlərlə ifadə edib: “Bir nəfər səhər gəlib mənə son sessiyaya qalacağımızı desə, inanmazdım. Olli əla iş gördü. Komanda olaraq xüsusən dünən gecə və bu gün səhər gördüyümüz işlərin bəhərəsini aldıq. Yeni altlıq riskli olsa da, işə yaradı. Trasda hər dəfə daha çox şey öyrənib, daha çox inkişaf edirik”.

Qeyd edək ki, Haas komandası Suzukaya yeni altlıq gətirmişdi. Belə görünür ki, bu altlıq yaxşı işləyob və bu hal komandanın əhvalını daha da yaxşılaşdırıb. Sabah yağış ehtimalı olsa da, Amerikan komandası yarış üçün ümidlidir.

 

Rauf Hacıyev

Şərh əlavə et