Kokpit.az bildirir ki, İsveçrə təmsilçisi Suzukaya yeni altlıq və arxa qanad gətirib. Onlar Avstraliya Qran Prisinə yeni ön qanadla, Çin Qran prisinə isə yeni saydpodlarla gəlmişdilər. Ümumilikdə isə “yaşıllar” inkişaf templərini keçən ilin sonunda artırmağa başlamışdılar.
Sauber komandasının performans direktoru Stefano Sordo bildirib ki, gələn il üçün yaxşı bünövrə qurmaq istəyirlər. Buna görə də inkişaf templərini artırıblar: “Keçən il pis mövsüm keçirdik. Audi komandası ilə birləşən vaxt onlara müsbət inkişaf trendi təqdim etməliyik.
Bu maşını təkmilləşdirərkən eyni zamanda inkişaf vasitələrini də yaxşılaşdırmalıyıq. Bu vasitələr yaxşı olsa, gələcəkdə yaxşı maşın istehsal edə bilərik. 2026-cı ildə yaxşı maşın düzəltmək üçün bu il yaxşı bünövrə qurmalıyıq”.
Sauber-in yeni altlığının hədəfi bolidin asfaltayatma qüvvəsini artırmaqdır. Lakin bunu edərkən bolidin sürüş xüsusiyyətləti çətinləşməməlidir.
Suzukaya gətirilən yeniliklərin arasında diffuzor, altlıq qanadcıqları, altlıq kənarları var.
Stefano Sordo: “Bu bolidlərdə limitləri tapmaq çətindir. Trasdan çox məlumat toplayırıq və maşını bu məlumatlara görə yığırıq. Ancaq bəzən aqressiv davranıb səhv etmək olur.
Altlıq yenilikləri üç mərhələdə reallaşır. İlk mərhələdə səth müəyyən olunur. İkinci və üçüncü mərhələ isə xırdalıqlardan ibarətdir. Bu mərhələlər növbəti yarışlarda məlum olacaq və beləliklə problemi vaxtında həll edə biləcəyik”.
Şərh əlavə et