Xəbəri Kokpitdə Oxuyun!

Y.Tsunoda: Problem yoxdur

Red Bull komandasının yeni sürücüsü Yuki Tsunoda bildirib ki, RB21-in çətin sürüş xüsusiyyətləri onun üçün problem deyil. 

Kokpit.az xatırladır ki, Racing Bulls ilə 2025-ci il mövsümünə güclü startdan sonra Yuki Tsunoda Yaponiya Qran Prisindən etibarən Red Bull-un əsas komandasına yüksəlib. Bu yüksəliş Liam Lousonun RB21-in çətin sürüş tərzinə və Red Bull-un həssas balansına uyğunlaşa bilməməsindən sonra baş verib.

Maks Ferstappenin əvvəlki komanda yoldaşları Pyer Qasli, Aleksander Elbon və Serxio Peres də eynilə Liam Louson kimi ön oxdan ağırlıq alan və arxa tərəfi həssas balanslı bolidə uyğunlaşa bilməmişdilər.

Lakin Yuki Tsunoda simulyatorda bir müddət işlədikdən sonra bunları problem olaraq görmür: “Həddindən artıq çətin avtomobil olmaqdan savayı, onun tamamilə fərqli sazlanma fəlsəfəsi var. Racing Bulls-da öyrəşdiyim sazlanma ilə müqayisədə bir az fərqli yanaşmalı oldum. İnsanlar tez-tez Red Bull bolidlərinin öndən çox güclü ilişməyə malik olduğunu söyləyirlər. Şəxsən mən döngələri aqressiv dönən  avtomobillərini xoşlayıram və keçmişdə öz sürmə tərzimi bu tip parametrlərə uyğunlaşdırmışam.

Racing Bulls-un bolidləri ümumiyyətlə daha aşağı sürüşməyə meyllidir, bu, mənim üçün ilk vaxtlar çətin idi. Amma mən buna öyrəşdim və sonda bu, mənim normam oldu. İndi yenidən Red Bull-un xüsusiyyətlərinə uyğunlaşmaq lazım gələcək, lakin keçmiş təcrübəmi nəzərə alsaq, bundan çox narahat deyiləm.

Əlbəttə, hələ ki, bu avtomobildə performansımı maksimuma çatdıra biləcəyimə dair heç bir zəmanət yoxdur. Amma maşının bütün potensialını aça bilsəm, fürsətlərin gələcəyinə inanıram. Əsas odur ki, mən bolidi nə qədər tez başa düşə biləcəm və məhdud məşq müddətində onun performansını maksimuma çatdıracağam. Yaponiya Qran Prisinə gəldikdə, mənim məqsədim sıralanma turunda son sessiyaya vəsiqə qazanmaq və bazar günü ilk onluqda olmaqdır.”

Rauf Hacıyev

Şərh əlavə et