Kokpit.az xatırladır ki, McLaren keçən mövsüm 26 ildən sonra Mühəndislər Kubokunu qazanmışdı. “Narıncılar” bundan sonra digər komandalarin izlədiyi kollektiv olub və builki mövsümün ilk iki yarışını qazanıb.
Bundan sonra əksəriyyət düşünür ki, McLaren çox güclüdür. Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, McLaren hazırda Red Bull-un hegemon dövründən də güclüdür.
Yaponiya Qran Prisindən əvvəl bu iddialara sərt formada cavab verən Lando Norris McLaren-in fərqinin çox şişirdildiyini deyib: “Məncə, “məğlubedilməz” olduğumuzu şərh edənlər boş-boş danışırlar. Bəzən insanlar sadəcə olaraq bunun üçün danışırlar. Medianın vəzifəsi bu cür sözləri olduğu kimi yazmaq yox, onları təhlil edib həqiqəti ortaya qoymaq olmalıdır. İnsanlar necə istəyirlər, danışırlar, amma hansının doğru olduğunu ortaya çıxarmaq lazımdır”.
McLaren-in böyük inkişaf prosesindən sonra bu nöqtəyə gəldiyini vurğulayan Norris əlavə edib ki, Red Bull keçən il daha böyük üstünlüyə malik olub: “Keçən il Red Bull bizdən çox üstün idi. Onların hər iki pilotu zirvədə yarışırdı və rəqiblərini xeyli qabaqlayırdılar.
Hazırda biz də çox yaxşı iş görürük, lakin insanların həmişə bizim haqqımızda danışmasının səbəbi son il yarımda olan inkişafımızdır. Amma keçən il Red Bull indiki bizdən çox daha böyük üstünlüyə malik idi.
Düşünürəm ki, siz bunu nəzərə almalısınız. Əlbəttə ki, biz komanda olaraq özümüzü yaxşı hiss edirik, bilirik ki, güclü avtomobilimiz var. İdarə etmək hər zaman asan olmasa da, bizim çox güclü avtomobilimiz var, peletondakı ən güclü avtomobil…
Məqsədlərimiz var. Məsələn, Mercedes 5-6 il ardıcıl olaraq ən güclü komanda idi. Bu səviyyəyə çatmaq üçün bizə daha çox vaxt lazımdır. Hələlik bu hal bizə motivasiya verir”.
Lando Norris sonda bildirib ki, rəqiblərinin şərhlərinə əhəmiyyət vermirlər və diqqətlərini öz işlərinə yönəldirlər: “İnsanlar danışmağa davam edəcəklər. Təsadüfi sözlər deyənlər həmişə olacaq, amma bizim üçün önəmli olan faktlardır. Bizim üçün önəmli olan keçən ili güclü şəkildə başa vurmaqdır.”
Şərh əlavə et