Xəbəri Kokpitdə Oxuyun!

M.Markes: Heç nədən fərqi əldən verdim

Ducati komandasının sürücüsü Mark Markes Amerika yarışında liderlik edərkən keçirdiyi qəzadan sonra çempionatda qazandığı fərqi ən pis şəkildə itirdiyini bildirib.

Kokpit.az xatırladır ki, Ostində yarışa pouldan başlayan Mark Markes startda yerini qoruyaraq fərqi iki saniyəyə çatdırıb. Lakin 9-cu dövrənin 4-cü döngəsində kerbə çox yaxınlaşıb və ön təkərin idarəetməsini itirərək qəzaya uğrayıb. O, ayağa qalxıb, yenidən yarışsa da, 13-cü dövrədə mübarizəni dayandırmalı olub.

Bu səhv Mark Markesin komanda yoldaşı Françesko Banyayaya qələbə qazandırıb, qardaşı Aleks Markes isə ikinci olub və çempionatda 1 xal fərqlə liderliyi ələ keçirib.

Mark Markes yarışdan sonra təəssüratlarını belə bölüşüb: “Yarışın ən asan anında ən ağır səhvi etdim. Kerbə çox hücum etdim və yıxıldım. Bununla da liderliyi itirdim.  Bu, tamamilə mənim günahım idi. Komandamdan üzr istəyirəm”.

İspaniyalı sürücü sonda əlavə edib ki, qəzanın səbəbi həddən artıq özünəinam deyil: “O ana qədər hər şey nəzarətimdə idi. Çox diqqətli idim, amma kerbə çox hücim etdim. Buna görə də 25 xal itirdim”.

Əfsanəvi sürücü yenə də nikbinliyini pozmur: “Çempionatda Aleksin bir xal gerisindəyik. Bu fərqi ən asan yarışda əldən verdik, amma hələ də çempionluq uğrunda mübarizədəyik”.

Rauf Hacıyev

Şərh əlavə et