Kokpit.az bildirir ki, yarışın startında xaos yaşandığı üçün start bir qədər təxirə salınıb. Belə ki, yarışın yağışlı havada keçəcəyi gözlənilirdi, amma havanın vəziyyəti birdən dəyişdiyi üçün əksər sürücülər boksa gedərək, quru təkərlərə keçiblər.
10 dəqiqədən sonra sürücülər yenə start-finiş düzlüyündə düzülüblər və yarışın məsafəsi 20 dövrədən 19 dövrəyə endirilib.
Yarışın startı verilən zaman isə Maverik Vinyalesin motosikletində problem yaranıb və ispaniyalı sürücü motosikletini pitə aparmalı olub.
Nəhayət ki, beş qırmızı işıq sönüb və yarışa pouldan başlayan Mark Markes liderliyini qoruyub. Aleks Markes və Françesko Banyaya ikinci yer uğrunda mübarizə aparsalar da, sonda ispaniyalı sürücü yerini qoruya bilib. Bu mübarizədən istifadə edən Mark isə fərqi 1 saniyəyə qədər yüksəldib.
Arxa sıralarda isə Fermin Aldequer rəqibi Fabio Kuartararonu keçərək, səkkizinci yerə yüksəlib. Fransız sürücü daha sonra Pedro Akosta və Yohan Zarkoya da keçilib.
İkinci yer uğrunda mübarizədə Banyaya Aleks Markesə hücumlarını davam etdirib və sonda rəqibini geridə qoya bilib.
Yarışın doqquzuncu dövrəsində isə sensassiya baş verib – mövsümdəki bütün yarış sessiyalarını qazanmış Mark Markes qəza edib. Əfsanəvi sürücü dördüncü döngədə yıxılıb. Düzdür, o ayağa duraraq yenidən yarışa qayıdıb, amma 18-ci yerdə…
Bununla da Françesko Banyaya liderliyə yüksəlib.
Yarışın 11-ci dövrəsin Pedro Akosta boksa gələrək, mübarizəni dayandırıb. Bir dövrə sonra isə Xoan Mir mübarizəni dayandırıb. Bundan bir neçə dövrə sonra isə çempionatın lideri Mark Markes yarışdan çəkilib.
Yarışın bitməsinə 3 dövrə qalmış isə Yohan Zarko, Fermin Aldequer qəza edərək mübarizəni vaxtından əvvəl dayandırıblar.
Beləliklə, 19 dövrə davam edən yarışı Françesko Banyaya qazanıb və bu mövsüm ilk qələbəsini əldə edib. Aleks Markes mövsümün üçüncü yarışınl da ikinci yerdə bitirib. Üçüncü yeri isə VR46 komandasından Fabio Di Canantonio tutub. Fabionun komanda yoldaşı Franko Morbidelli dördüncü olub. Onları Cek Miller və Marko Bezzekki izləyiblər.
Enea Bastyanini, Luka Marini, Ai Oqura və Fabio Kuartararo onluğu bağlayan sürücülər olublar.
Şərh əlavə et