Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: Yenə diskvalifikasiya oluna bilərik

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, onlar növbəti yarışlardan da diskvalifikasiya oluna bilərlər.

Kokpit.az xatırladır ki, Ferrari komandası Çin yarışında Lekler və Həmilton ilə 5 və 6-cı yerləri tutsalar da, yarışdan sonra hər iki maşın da texniki reqlamenti pozduğu üçün nətiləri ləğv olunub.

Lyuis Həmiltonun maşınında altlıq normadan çox yeyildiyi üçün yarışdan diskvalifikasiya edilib. Belə ki, minimum hədd 9 millimetr müəyyən olunduğu halda, yoxlanışda 8.5-8.6 millimett çıxıb.

Bu cür hal 2023-cü ilin ABŞ Qran Prisində də Ferrari-nin başına gəlib. O zaman “qırmızılar”ın bir maşını eyni səbəbdən diskvalifikasiya olunmuşdu. Ancaq o dövrlər sprint formatına görə komandalar bir sərbəst yürüşlərdə iştirak edirdi. Buna görə də sürücülər sazlanma axtararkən risklər alırdılar.

Builki reqlamentə görə isə komandalar sprintdən sonra boliddə dəyişiklik edə bilirlər. Yəni ki, komandalar sprint sıralanma turu və yarışından əldə etdiyi məlumatlarla maşını yenidən sazlaya bilirlər.

Frederik Vassyör: “Çox aqressiv olmalıyıq. Bu mükəmməlliyi axtaranda bəzən çox irəli getməli oluruq.

Düşünürsünüz ki, bu hal daha çox diskvalifikasiyaya səbəb ola bilər? Bəli, qətiliklə! Amma burada fərqi daha yaxşı anlamalıyıq. Bir şeydə limitləri sona qədər istifadə etməklə qaydaları pozmaq fərqli şeylərdir.

Formula 1-də əsas məsələlərdən biri hər şeyi xırda detallarına qədər istifadə etməkdir. Çəkidə hər şeyi son qramına qədər, altlıq yeyilməsində hər şeyi son millimetrinə qədər, aerodinamik elastiklik cəhətdən ən xırda deformasiyaya qədər hər şey limitdə olmalıdır. Mübarizə nə qədər gərgin olursa, təzyiq o qədər artır və komansalar daha çox risk alırlar”.

Rauf Hacıyev

Şərh əlavə et