Avstriya təmsilçisi keçən ilin sonunda müzakirəyə açıq bir qərar verərək, gənc Liam Lousonu Serxio Peresin yerinə gətirmişdi. Niyə müzakirəyə açıq qərar? Çünki əksəriyyət düşünürdü ki, meksikalı sürücünün yeri üçün ən ideal namizəd Yuki Tsunodadır. Buna səbəb yaponiyalı sürücünün daha təcrübəli olması idi. Doğrudan da yaponiyalı sürücü 2021-ci ildən Formula 1-də çıxış edirdi və son iki ildə qənaətbəxş nəticələr alırdı.
Buna baxmayaraq Red Bull komandası inanırdı ki, onlar Liamı seçməklə düz ediblər. Lakin 2025-ci il mövsümünün ilk iki yarışından sonra yeni zelandiyalı pilot ümidləri doğrultmayıb. O, sıralanma turlarında ikinci sessiyaya belə keçə bilməyib və yarışlardan xalsız ayrılıb.
Yeni zelandiyalı pilot Avstraliyada qəza edərək mübarizəni vaxtından əvvəl dayandırıb. Şanxayda isə sprint yarışında 14-cü, əsas yarışda 12-ci yerləri tutub.
Digər maşında çıxış edən Maks Ferstappen isə ilk iki mərhələdən sonra 36 xal toplayıb və Sürücülər Çempionatında ikinci yerdədir.
Əslində Çin yarışından sonra Yuki Tsunodanın Red Bull komandasında Liam Lousonu əvəzləyəcəyi ilə bağlı iddialar artmışdı. Dördüncü gün isə o iddialar reallaşıb və yaponiyalı sürücü öz ölkəsində keçiriləcək yarışda Red Bull komandasında debüt edəcək.
Kristian Horner: “Liamın RB21 ilə çətinlik çəkdiyini görmək ağır idi. Buna görə də dəyişiklik etmək qərarına gəldik.
2025-ci ilə iki əsas hədəflə girmişik – Sürücülər Çempionluğunu yenidən qazanmaq və Mühəndislər Kubokunda yenidən qalib gəlmək. Bu, tamamilə sportif qərardır.
Hələ RB21-in üzərində işləməliyik. Yukinin təcrübəsi maşının inkişafına kömək edəcək. Ona komandaya xoş gəldin deyirik. RB21-in sükanı arxasında onu izləməyi səbirsizliklə gözləyirik.
Liamın ən yaxşı formada inkişaf etdirmək üçün məsuliyyətimiz var. Beləliklə, çətin startdan sonra onun yenidən Racing Bulls-da yarışmasına qərar verdik. Oradakı insanları və komandanı yaxşı tanıyır”.
Şərh əlavə et