Avstriya təmsilçisi keçən ilin sonunda müzakirəyə açıq bir qərar verərək, gənc Liam Lousonu Serxio Peresin yerinə gətirmişdi. Niyə müzakirəyə açıq qərar? Çünki əksəriyyət düşünürdü ki, meksikalı sürücünün yeri üçün ən ideal namizəd Yuki Tsunodadır. Buna səbəb yaponiyalı sürücünün daha təcrübəli olması idi. Doğrudan da yaponiyalı sürücü 2021-ci ildən Formula 1-də çıxış edirdi və son iki ildə qənaətbəxş nəticələr alırdı.
Buna baxmayaraq Red Bull komandası inanırdı ki, onlar Liamı seçməklə düz ediblər. Lakin 2025-ci il mövsümünün ilk iki yarışından sonra yeni zelandiyalı pilot ümidləri doğrultmayıb. O, sıralanma turlarında ikinci sessiyaya belə keçə bilməyib və yarışlardan xalsız ayrılıb.
Yeni zelandiyalı pilot Avstraliyada qəza edərək mübarizəni vaxtından əvvəl dayandırıb. Şanxayda isə sprint yarışında 14-cü, əsas yarışda 12-ci yerləri tutub.
Digər maşında çıxış edən Maks Ferstappen isə ilk iki mərhələdən sonra 36 xal toplayıb və Sürücülər Çempionatında ikinci yerdədir.
Əslində Çin yarışından sonra Yuki Tsunodanın Red Bull komandasında Liam Lousonu əvəzləyəcəyi ilə bağlı iddialar artmışdı. Bu gün isə o iddialar reallaşıb və yaponiyalı sürücü öz ölkəsində keçiriləcək yarışda Red Bull komandasında debüt edəcək.
Düzdür, Tsunoda mövsümün əvvəlində komanda dəyişir, amma o, Red Bull-un bala komandasında 5-ci mövsümünü keçirdiyi üçün sistemi yaxşı tanıyır.
Yuki Tsunoda sosial şəbəkədə Red Bull kombinezonu ilə şəkil paylaşıb və altına “mübarizəyə hazıram” yazıb.
Şərh əlavə et