Avstriya təmsilçisi keçən ilin sonunda müzakirəyə açıq bir qərar verərək, gənc Liam Lousonu Serxio Peresin yerinə gətirmişdi. Niyə müzakirəyə açıq qərar? Çünki əksəriyyət düşünürdü ki, meksikalı sürücünün yeri üçün ən ideal namizəd Yuki Tsunodadır. Buna səbəb yaponiyalı sürücünün daha təcrübəli olması idi. Doğrudan da yaponiyalı sürücü 2021-ci ildən Formula 1-də çıxış edirdi və son iki ildə qənaətbəxş nəticələr alırdı.
Liam Louson isə 2023- və 2024-cü illərdə Racing Bulls komandasında Daniel Rikkardonu əvəz etmiş və iki mövsümdə cəmi 11 yarışa çıxmışdı. Düzdür gənc sürücü bu yarışlarda Yuki Tsunodadan çox geri qalmadı. Hətta vəzi yarışlarda daha təcrübəli komanda yoldaşını məğlub edə bilmişdi. Buna baxmayaraq Red Bull-un cəmi 11 yarış təcrübəsi olan və Formula 1-dəki bəzi trasları tanımayan Lousonu seçməsi Formula 1 ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdı.
Elə mövsüm başlayan kimi Formula 1 ictimaiyyəti haqlı çıxmağa başladı. Louson həm Avstraliyada, həm də Çinin sprint və əsas sıralanma turunda ikinci sessiyaya çıxa bilmədi.
Belə olan halda isə tənqidlər və gənc sürücü üzərində olan təzyiq artmağa başladı. Çin Qran Prisində isə Liam Lousonun Yaponiya Qran Prisində Yuki Tsunoda ilə əvəzlənəcəyi ilə bağlı söz-söhbətlər çıxdı. Belə görünür ki, bu çayiələr bu həftə reallığa çevriləcək. Bəs Red Bull bu addımı atmaqda düz edir?
Problem maşındadır yoxsa Liamda?
Liam Louson mövsümün ilk iki yarışında sıralanma turunda ikinci sessiyaya çıxa bilmədi. Lakin Red Bull komandası hər iki yarışdan əvvəl onun maşınında dəyişikliklər edərək, gənc sürücünü pit yolundan başlatdılar. Bu isə o deməkdir ki, Avstriya təmsilçisi sazlanma aralığı dar olan RB21 üçün fərqli sazlanmalar sınayırlar. Bunu isə normal olaraq dördqat Dünya Çempionu Maks Ferstappenin maşınında yox, Liam Lousonun maşınında edirlər.
Bundan başqa Louson həm Albert Parkda, həm də Şanxayda ilk dəfə yarışırdı. Yəni ki, trasları tanımırdı. Bu da yeni zelandiyalı sürücünün uğursuzluğunda pay sahibi ola bilər. Buna görə də Red Bull komandası Lousonun tanıdığı trasları gözləməkdənsə, yerinə daha təcrübəli Yuki Tsunodanı gətirir.
Onsuz da Red Bull komandası daha əvvəl də belə sürücü dəyişiklikləri edib. 2016-cı ildə mövsümün 4-cü yarışından sonra Danil Kvyat göndərilərək yerinə Maks Ferstappen gətirilmişdi. 2019-cu ildə isə mövsümün ilk yarısından sonra Pyer Qasli daha gənc və təcrübəsiz Aleks Elbonla əvəzlənmişdi.
Bəs problem maşındadır yoxsa Liamda? Məncə, hər ikisində. Daha əvvəl də dediyim kimi RB21-in sazlanma aralığı çox dardır və maşında sazlanma tapmaq olmur. Bundan başqa Liamın təcrübəsizliyi və trasları tanımaması da onun işini çətinləşdirir.
Lakin daha əvvəl Maks Ferstappenlə komanda yoldaşı olmuş Pyer Qasli, Aleks Elbon və Serxio Peresin də çətinlik çəkməsi problemin maşında olması ilə bağlı ehtimalları daha da gücləndirir.
Onsuz da Red Bull komandası heç vaxt səbirli davranmayıb. Bir sürücü zəifdir? Get o birisini gətir. Lakin Liamın cəmi iki yarışdan sonra göndərilməsi doğru qərar deyil.
Yuki Tsunoda Liam Lousondan daha güclüdür?
İndi azarkeşləri düşündürən əsas sual budur. Düzdür, Tsunoda daha təcrübəlidir. Bəs potensiallıdır? Mövsümün ilk iki sıralanma turunda Yuki Tsunoda RB ilə üçüncü sessiyaya qalsa da, debütant komanda yoldaşı Ayzaz Hajar Çindəki sıralanma turunda onu qabaqlamışdı. Yarış tempində isə Yuki mövsümün ilk yarışı Avstraliyada taktiki səhvə görə geri düşsə də, Çində öz performansına görə xalsız qalmışdı.
Yəni ki, Tsunodanın hazırda Liam Lousondan tək üstün tərəfi təcrübəsidir. Ən azından kağız üzərində elə görünür. Bəlkə də, yaponiyalı pilot bu təcrübə ilə Red Bull-a RB21-in inkişafı üçün daha faydalı geri bildirimlər verər.
Yukinin seçilməsində ikinci faktor isə Honda-dır. Yaponiyalı mühərrik istehsalçısı artıq Red Bull ilə yeddinci və son mövsümünü keçirir. Buna görə də son mövsümdə də olsa, Red Bull-da bir yapon sürücünün yarışmasını istəyirlər. Hətta deyilənə görə Honda Tsunodanın Red Bull-da yarışması üçün “qırmızı öküzlərə” pul da verib. Bu isə o deməkdir ki, Red Bull üçün Tsunodanı daha şirin edən iki amil var – təcrübə və pul.
Yuki Tsunoda üçün böyük fürsət
Keçid reallaşsa, Yuki Tsunoda çoxdandır arzuladığı Red Bull ilə ilk yarışında öz ölkəsində çıxacaq. Bir pilot üçün bundan gözəl nə ola bilər? Əlbəttə, heç nə.
Lakin 25 yaşlı pilotun işi heç də asan olmayacaq, çünki o daha əvvəl Red Bull RB21-i sürməyib. Yaponiyalı pilotun hazırda yeganə bəhanəsi budur. Lakin o daha əvvəl bir az iddialı açıqlama vermişdi: “Yaxşı sürücü hər şəraitə uyğunlaşmalıdır”.
Bəs Yuki Tsunoda hər şəraitə uyğunlaşa biləcək? Bunu zamanla görəcəyik.
Şərh əlavə et