Xəbəri Kokpitdə Oxuyun!

Red Bull sürücü dəyişikliyi edəcək?

Red Bull komandası mövsümə uğurszu başlayan Liam Lousonu daha təcrübəli Yuki Tsunoda ilə əvəzləməyi düşünür. Bu dəyişiklik Yaponiya Qran Prisindən əvvəl baş verə bilər.

Kokpit.az xatırladır ki, yeni zelandiyalı sürücü mövsümə pis başlayıb və ilk iki sıralanma turunda ikinci sessiyaya yüksələ bilməyib.

O Avstraliyada  sıralanma mərhələsində 18-ci olubvə yarışın 46-cı dövrəsində qəzaya edərək mübarizəni vaxtından əvvəl dayandırıb. Çində onun performansında heç bir irəliləyiş olmayıb. Liam həm sprint, həm də əsas yarışda sıralanma tutunun ikinci sessiyasına yüksələ bilməyib.

O, sprint yarışını 14-cü, əsas yarışı isə 15-ci yerdə başa vurub. Komanda yoldaşı Maks Ferstappenlə dövrə başına olan fərq bir saniyəyə yaxınlaşır.

Liam Louson bu barədə belə danışıb: “Həqiqətən çətin vəziyyətdir. Bolidin sazlanma aralığı həqiqətən dardır, lakin bu bəhanə deyil. Mən bunun öhdəsindən gəlməliyəm, maşını başa düşməliyəm. Zamana ehtiyacım olsa da, zaman azdır”.

Helmut Marko gənc sürücüsünün bu sözlərinə cavab olaraq “haqlıdır” deyib.

Motorsport.com-un mənbələrinə görə, Red Bull rəhbərliyi Lousonun performansı ilə bağlı qeyri-müəyyənlik yaşayır və onu tezliklə əvəz etməyi düşünür, çünki Lousonun inkişaf etmək üçün kifayət qədər vaxtının olub-olmayacağı bəlli deyil.

Bu dəyişiklik baş verərsə, Louson Yaponiya Qran Prisindən əvvəl RB-yə qayıdacaq, Yuki Tsunoda isə Red Bull-a keçəcək.
Bu dəyişikliyin ən böyük səbəbi Tsunodanın mövsümə güclü başlamasıdır. O, Avstraliyada təsnifat mərhələsində beşinci yeri tutub və yarışda uzun müddət altıncı yerdə gedib. Lakin Racing Bulls-un strategiyada  səhvinə görə yarışı 12-ci yerdə başa vurub.
Yaponiyalı sürücü Çin Qran Prisində də güclü performans göstərərək sprint yarışında 6-cı yeri tutub və Mercedes pilotu Andrea Kimi Antonellini uzun müddət geridə saxlayıb.

Tsunodanın performansını qiymətləndirən Helmut Marko bunları deyib: “Yuki əvvəlki illərdən çox fərqlidir. O, həyatının ən yaxşı səviyyəsindədir. Menecerini dəyişdi, fərqli yanaşma tərzini mənimsədi. O, daha da yetkinləşdi. Bunun bir qədər vaxt aparacağını bilirdik, amma  belə görünür ki, işə yarayacaq”.

Yaponiyalı pilotun yüksələn forması onun Red Bull-un əsas komandasına keçə biləcəyi ilə bağlı şayiələri artırıb. Ancaq Avstriya təmsilçisinin sürücü dəyişikliyini bu qədər tez edəcəyini heç kim gözləmirdi. Red Bull komandasının rəhbərliyi Şanxaydakı yarışdan sonra Lousona daha çox vaxt vermək və ya Tsunodanı dərhal əsas komandaya transfer etmək barədə müzakirələri sürətləndirəcək.

Yekun qərarın gələn həftə veriləcəyi gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et