Kokpit.az xatırladır ki, yeni zelandiyalı sürücü Çin Qran Prisinin sıralanma turunda sonuncu olub və Red Bull-un qapalı park qaydalarını pozmasından və boliddə əsaslı dəyişikliklər etməsindən sonra yarışa pit yolundan başlayıb.
Maks Ferstappendən fərqli aerodinamik paketə sahib olan Louson dəyişikliklərin gözlənilən nəticəni vermədiyini bildirib.
Yarışı 15-ci yerdə başa vuran Liam Louson RB21-ə tam öyrəşə bilmədiyini vurğulayıb: “Çətin olacağını bilirdik. Pit-yolundan başlayaraq maşında bəzi şeylər sınadıq, amma istədiyimiz kimi alınmadı.
Onsuz da çətin keçən əftə sonu bazar günü daha da çətinləşdi. Sprinti xatırlayırsınızsa, orada biz daha çox rəqabətədavamlı idik. Mən digər maşınları keçə bilirdim. Amma əsas yarışda çətinliklər daha da artdı və bunun səbəblərini anlamaq lazımdır. Təbii ki, mən də öz üzərimdə işləməliyəm, amma hələlik cəmi iki yarış geridə qalıb.
Təəssüf ki, maşına öyrəşməyə vaxtım yoxdur. Mövsüm davam etdiyindən və hər yarışda xal itirdiyimiz üçün maşını test etmək və öyrəşmək şansım yoxdur. Vaxtımın olmadığını deyəndə tam olaraq bunu nəzərdə tuturdum. Bilirəm ki, qış fasiləsində digər komandaların yeni gələn sürücülərinə test etmək imkanı verildi və təəssüf ki, biz bunu etmədik. Ancaq bu bəhanə deyil və mən başa düşürəm ki, problemləri mümkün qədər tez dəf etməliyəm”.
Bununla belə, Louson əlavə edib ki, Red Bull-da yerini qorumaq üçün yaxşı çıxış etməlidir: “Mən axmaq deyiləm, burada olmağımın səbəbi yaxşı çıxış etməkdir. Bunu edə bilməsəm, həmişəlik burada ola bilmərəm. Ona görə də maşına mümkün qədər tez öyrəşməyə çalışıram”.
Mak Ferstappenlə müqayisədə harada vaxt itirdiyini soruşulduqda Liam Louson belə cavab verib: “Ümumilikdə fərq böyük deyil, lakin RB21-in qeyri-stabil olduğu yerlərdə Ferstappen bolidi limitlərdə sürə bilir. Beləliklə, fərq böyüyür”.
Şayiələrə görə Red Bull Yaponiya Qran Prisindən əvvəl Liam Lousonu Yuki Tsunoda ilə əvəzləməyi düşünür. Hətta bu həftə ərzində bunun müzakirəsi gedəcək.
Mövzu ilə bağlı açıqlama verən Liam Louson belə danışıb: “Mən uzun illər onunla yarışmışam. Aşağı kateqoriyalarda da yarışmışıq və mən onu məğlub etmişəm. Formula 1-də də onu məğlub etmişəm. Ona görə də nə deyirsə desin, fərqi yoxdur”.
Şərh əlavə et