Kokpit.az xatırladır ki, Avstraliya Qran Prisində çətin həftəsonu keçirən Haas komandası Çində özünə gəlib və iki sürücüsü ilə xal qazanmağı bacarıb.
Esteban Okon yeni komandası ilə ilk xallarını yeddinci yeri tuturaq qazanıb, amma yarışdan sonra iki Ferrari pilotunun diskvalifikasiya edilməsi ilə fransalı sürücü beşinci yerə yüksəlib. O, Mercedes komandasının sürücüsü Andrea Kimi Antonellini geridə qoyub.
Yarışdan sonra müsahibə verən 29 yaşlı sürücü Avstraliyadakı zəif performansdan sonra qısa müddətdə böyük inkişaflarına görə təəccübləndiyini deyib.
Esteban Okon: “Özümü Antonellinin yanından keçən ralli sürücüsü kimi hiss etdim, amma komanda əla iş gördü!
Komanda bir neçə gün ərzində böyük irəliləyiş əldə etdi və bunun sayəsində biz bolidin məhsuldarlığını artıra bildik. Son vaxtlar nə çox yatırıq, nə də yeməyə vaxtımız var, amma bu, yaxşı haldır”.
Haas-ın bu sürətli inkişafı necə əldə etdiyindən danışan Okon həftəsonu edilən böyük dəyişikliklərin təsirli olduğunu söyləyib: “Biz həmişə bolidin daha çox potensiala malik olduğunu bilirdik, lakin həftəsonu edilən böyük dəyişiklik sürpriz oldu. Cümə günündən şənbə gününə kimi biz maşının demək olar ki, 90 faizini dəyişdik və bu təsnifat mərhələsində özünü göstərdi. Birdən özümü çox daha inamlı hiss etdim. Daha da irəliyə gedəcəyimi bilirdim. Təbii ki, bolid hələ də tam potensialında deyil və bu yaxşı haldır, çünki inkişaf etməyə davam edə bilərik”.
Şərh əlavə et