Xəbəri Kokpitdə Oxuyun!

Ferrari pilotları diskvalifikasiya ediləcəklər?

Ferrari komandasının sürücüləri Lyuis Həmilton və Şarl Lekler, Alpine komandasının pilotu Pyer Qasli Çin yarışından diskvalifikasiya edilə bilərlər.

Kokpit.az bildirir ki, yarışdan sonra gələn raportlara görə Şarl Lekler və Pyer Qaslinin maşınları normadan yüngül olub.

Şarl Lekler zədəli ön qanada baxmayaraq Çin yarışını beşinci yerdə bitirmişdi. Lakin yarışdan sonra FİA monakolu sürücünün bolidinə yeni ön qanad taxıb və bolidin çəkisi 799 kiloqram olub. FİA-nın texniki reqlamentinə görə minimum çəki 800 kiloqram olmalıdır. Bu isə Leklerin maşınının normadan 1 kiloqram aşağı olduğu deməkdir.

Eyni formada yarışı 11-ci yerdə bitirən Pyer Qaslinin də maşını 799 kiloqram çıxıb.

FİA-nın texniki nümayəndəsi Co Bauer bu barədə bunları deyib: “Yarışdan sonra 16 nömrəli maşın tərəziyə aparılıb və çəkisinin 800 kiloqram olduğu müəyyən edildi. Bu da texniki reqlamentin 4.1 maddəsinə görə limitdə olan çəkidir. Daha sonra ön qanadın zədəli olmasına görə sınıq hissə ilə birlikdə tərəzidə çəkildi və çəki 800.5 kiloqram oldu.

Bundan sonra bolidin çəni tamamilə boşaldıldı və 2 litr yanacaq çıxarıldı. Bolid qaydalara uyğun boşaldıldı.

Bolid rəsmi ehtiyat ön qanadla FİA-nın tərəzisində yenidən çəkildi və 799 kiloqram çəki müəyyən edildi. Tərəzinin kalibri təsdiqləndi və komanda tərəfindən nəzarət olundu.

Məlumat üçün deyək ki, ehtiyat ön qanad yarış vaxtı istifadə edilən zədəli ön qanaddan 0.2 kiloqram ağır idi. Ancaq bolidin çəkisi 1 kiloqram əskik olduğu üçün bu, texniki reqlamentin 4.1 maddəsinin pozulduğu deməkdir. Yarış zamanı bu qaydaya riayət olunmalıdır.

Buna görə də bu mövzunu stüardlara göndərirəm”.

Qaslinin maşınında da ölçülər Leklerinkinə bənzər olub.

Bundan başqa Çin Qran Prisini altıncı yerdə bitirən Lyuis Həmiltonun maşınında altlığın həddən artıq yeyildiyi müəyyən edilib. Belə olan halda Lyuis də diskvalifikasiya ilə üz-üzədir.

Qeyd edək ki, Lyuis Həmilton eyni qayda pozuntusuna görə 2023-cü ilin ABŞ Qran Prisindən diskvalifikasiya edilmişdi.

Rauf Hacıyev

Şərh əlavə et