Xəbəri Kokpitdə Oxuyun!

Ferrari: Dərs çıxaracağıq

Ferrari komandasının rəhbərliyi iki sürücüsünün diskvalifikasiyasına görə etiraz etməyəcək.

Kokpit.az xatırladır ki, Ferrari komandasının sürücüləri texniki reqlamentə uymadığı üçün Çin yarışından diskvalifikasiya olunublar.

Şarl Leklerin maşını normadan 1 kiloqram yüngül olub. FİA-nın texniki reqlamentinə görə bunun cəzası yarışdan diskvalifikasiya olunmaqdır.

Ferrari buna səbəb olaraq bir pit-stoplu strategiyanı göstərib: “Şarl bu gün bir pit-stop edərək, yarışdı. Bu da təkər yeyilməsini çox artırdı. Bunun nəticəsində bolidin çəkisi minimum ağırlığın altına düşdü”.

Lyuis Həmiltonun maşınında isə altlıqda arxa sürtünmə bloku icazə veriləndən daha çox yeyilib.

Qaydalara görə sürtünmə blokunun yeyilməsi 1 millimetrdən çox olmamalıdır. Həmiltonun maşınında isə sürtünmə blokunun qalınlıq 8.5 millimetr olub. Minimum hədd 9 millimetr olaraq müəyyən edilib.

Ferrari Lyuisin cəzası barədə isə bunları deyib: “Lyuisin altlıq yeyilməsini səhv hesabladıq və bu limiti kiçik fərqlə aşdıq. Bunu bilərək etmədik. Əksinə üstünlük qazanmaq niyyətimiz yox idi”.

FİA bolidlərin altlıqlarının yeyilməsinə ciddi nəzarət edir. Bu qayda maşınların yerə çox yaxınlaşmasının və trasda üstünlük qazanmasının qarşısını almaq üçün gətirilib. Ferrari bunu bilərək etmədiyini desə də, FİA qaydaları tətbiq edərək, Həmiltonu diskvalifikasiya edib.

Ferrari komandası sonda bildirib ki, bu səhvdən dərs çıxaracaqlar: “Nə bizim üçün nə də azarkeşlərimiz üçün yarışın belə bitməsini istəyərdik. Bu gündən dərs çıxaracağıq və eyni səhvləri təkrarlamayacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et