Xəbəri Kokpitdə Oxuyun!

Çində növbəti ilk yaşanacaq?

Mövsümün ikinci mərhələsi olan Çin Qran Prisi bəzi ilklərlə başladı. Bəs bu gün əsas yarışda ilklər olacaq?

2025-ci il mövsümü rəngarəng başladı. Mövsümün ilk mərhələsi olan Avstraliyada Lando Norris xaotik yarışı qazandıqdan sonra komandalar Çinə gəldilər. Əksəriyyət “narıncılar”ın da burada rahatlıqla qazanacağını düşünsə də, sprint sıralanma turunda və yarışında Lyuis Həmilton qırmızı atını oynatdı və həm özü, həm də Ferrari bizi üçün bir ilkə imza atdı – Həm Lyuis, həm də Ferrari Formula 1 tarixində ilk dəfə sprint yarışında qalib gəlmişdilər. Bundan başqa yeddiqat Dünya Çempionu yeni komandasında ilk poulunu Çində qazanmış oldu.

Ümumilikdə Şanxay Beynəlxalq Avtodromu bir neçə xüsusi anlaya şahidlik edib:

  • 2005-ci ildə Renault komandası ilk Mühəndislər Kubokunu burada qazanıb.
  • 2006-cı ildə əfsanəvi Mixael Şumaxer məhz bu trasda karyerasının 91-ci və sonuncu yarışını qazanmışdı.
  • 2009-cu ildə Red Bull komandası Sebastyan Fettellə tarixinin ilk yarışını məhz bu trasda əldə etmişdi.
  • 2012-ci ildə Mercedes komandasının pilotu Niko Rosberq möhtəşəm performansla karyerasında ilk dəfə damalı bayrağı birinci yerdə keçmişdi.
  • 2019-cu ildə Formula 1 tarixinin 1000-ci yarışı Şanxay Beynəlxalq Avtodromunda keçirilmişdi

Belə ikonik anlardan başqa bu trasda idman tarixinə düşən insidentlər də baş verib. 2007-ci ildə Lyuis Həmiltonun pitə girərkən çınqıllıqda ilişib qalması və 2016-cı ildə Danil Kvyatın Sebastyan Fetteli startda “torpedo” kimi vurması bunlara daxildir.

Yuxarıda qeyd etdiyim kimi. Lyuis Həmilton və Ferrari-nin timsalında builki Qran Pri də ilklərlə başladı. Lakin bu ilklər əsas sıralanma turunda da davam etdi – Oskar Piastri karyerasının ilk poulunu Şanxayda qazandı.

Oscar Piastri

Beləliklə sprint sıralanma turunda, sprint yarışında və əsas sıralanma turunda ilklər gördük. Bəs bu gün keçiriləcək yarışda?

Əslində mümkündür. Məsələn, Lyuis Həmilton bu gün Ferrari komandası ilə ilk yarış qələbəsini qazana bilər. Yaxud da Kimi Antonelli Mercedes-lə üçlüyə düşə bilər. Ferrari-nin dünənki sprint yarışında təkərləri istifadəsini nəzrə alsaq, birinci ehtimal mümkündür. Antonelli isə keçən yarış Avstraliyada 16-cı yerdən start alsa da, finişə 4-cü yerdə çata bilmişdi. Yəni hər iki sürücünün yarış tempi buna imkan verir.

Sıralanma turunda diqqətimi bir şey çəkdi – Sonuncu və həlledici sessiyada hava soyuduqdan sonra əksər sürücülər nəticələrini yaxşılaşdıra bilmədilər. Lakin Corc Rassell möhtəşəm bir dövrə ilə iki McLaren-in arasına girərək, ikinci oldu. Bu isə onu göstərir ki, Mercedes komandası bu il də keçənilki kimi soyuq traslarda sürətli olacaq.

Digər maraqlı nüans isə Maks Ferstappenin poul uğrunda mübarizə apardığı zaman komanda yoldaşı Liam Lousonun 20-ci yeri tutması idi. Bunu sprint həftəsonu ilə əlaqələndirə bilərdim, ancaq yeni zelandiyalı sürücü keçən həftə Avstraliyada da sıralanma turunda ikinci sessiyaya çıxa bilməmişdi. Keçən il Racing Bulls ilə Üçüncü sessiya uğrunda mübarizə aparan adam necə oldu ki, Red Bull-a gələndə bu hala düşdü? Keçən il Serxio Peresdən sonra bu il Liam da fiaskoyla üzləşir. Səbəbi sürücülərin yetərsizliyidir yoxsa komanda? Hər halda gənc sürücüyə bir neçə yarış da vaxt vermək lazımdır.

Beləliklə, bizi bu gün maraqlı yarış gözləyir. Düzdür, dünən sprint yarışında ancaq debütant sürücülərin mübarizə apardığını gördük. Bu da bizə Formula 2 yarışlarını xatırlatdı. Ancaq sprint yarışı ilə əsas sıralanma turu arasında təxmini 3 saat yarım vaxt olduğu üçün komandaların və sürücükərin risk almamaları başadüşüləndir. Bu gün isə uzun yarış olacaq. Bizi daha çox pit-stop gözləyir. Paylanılan xallar da sprintdən çoxdur. Buna görə sürücülər istər-istəməz risklər edəcəklər və bu da yarışı daha maraqlı edəcək. Hər halda artıq az qalıb. Görək nə olacaq.

Rauf Hacıyev

Şərh əlavə et