Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Hər şey qaydasında idi

Ferrari komandasının sürücüsü Lyuis Həmilton Çin Qran Prisində qalib gəldikdən sonra Ferrari ilə ilk iki yarış həftəsonunu müqayisə edib.

Kokpit.az xatırladır ki, Cümə günü sprint sıralanma turunda poul qazanan britaniyalı sürücü  bu gün 19 dövrəlik sprint yarışının qalibi olub.

Ötən həftə mövsümün ilk yarışı olan Avstraliyada 10-cu yeri tutan Ferrari pilotu iki yarış həftəsonunu müqayisə edib: “Bu gün özümü əla hiss edirəm.

Avstraliyadakı ilk yarış çətin idi. Düşünürəm ki, insanlar yeni komandaya qoşulmağın, işə qəbul prosesinin, komandadaxili ünsiyyətin nə qədər böyük problem olduğunu anlamırlar.

Eşitdiyim tənqidləri edən insanların çoxu ya heç vaxt bu təcrübəni qazanmayıblar ya da vəziyyəti tam başa düşmürlər.

Buraya gəlmək və boliddə özümü daha rahat hiss etmək əla idi, çünki Melburndakı boliddə özümü çox yaxşı hiss etmirdim. Bu həftə sonu ilk dövrədən etibarən hər şey yaxşı idi. Mühəndislər və mexaniklər SF-25-i təkmilləşdirmək üçün əla iş gördülər və  maşın həqiqətən yaxşı hiss etdirdi. Təkərləri nəzarətdə saxlamaq çətin idi, amma hamı eyni çətinliklə üzləşdi”.

Həmilton əldə etdiyi nəticəyə baxmayaraq, təzyiq hiss etmədiyini sözlərinə əlavə edib: “Mən təzyiq hiss etmirəm. Tifosinin və komandanın nə qədər qalib gəlmək istədiyini bilirəm və bu, mənim üçün çox şey deməkdir. Amma Roma bir gündə qurulmayıb. Addım-addım irəliləməliyik, çox arxayınlaşmaq olmaz.

Çalışmağa, diqqətli və sakit olmağa davam edəcəyik. Belə anlar hamımızı həyəcanlandırır, amma indi biz masalarımıza qayıdıb, bu gün nahardan sonra sıralanma turuna köklənəcəyik. Axı bu, marafondur”.

Rauf Hacıyev

Şərh əlavə et