Kokpit.az xatırladır ki, Ferrari üçün kabusa çevrilən Avstraliya Qran Prisi həftəsonundan sonra Lyuis Həmilton Çin Qran Prisinin sprint sıralanma turunda möhtəşəm çıxış edərək poulu əldə edib.
Britaniyalı sürücü yeni komandasında ilk poulu aldıqdan sonra bu açıqlamanı verib: “İlk növbədə bu gün burada olan bu heyrətamiz izdihama böyük təşəkkürümü bildirmək istəyirəm. Belə bir nəticə gözləmirdim, amma çox xoşbəxtəm və qürur duyuram.
Son yarış bizim üçün əsl fəlakət oldu və biz bolidin daha çox performansa malik olduğunu bilirdik, lakin biz onu göstərə bilmədik. Bura – gözəl yer olan Şanxaya, çox sevdiyim trasa gəlmək çox gözəldir. Hava gözəl idi və bolid ilk dövrədən etibarən canlandı. Biz çox gözəl dəyişikliklər etdik, komanda maşını hazırlamaqda çox yaxşı iş gördü.
Mən bir az şokdayam. İnana bilmirəm ki, sprint üçün poul qazanmışıq! Bu, bizi yarış üçün də yaxşı mövqeyə qoyur.
Poul dövrəsində fərqi harada yaratdığı sualına Lyuis Həmilton belə cavab verib: “Dəqiq bilmirəm, geri dönüb buna baxmalı olacağam. Mənim ilk sektorum həqiqətən güclü idi. Düşünürəm ki, ən böyük yaxşılaşdırmanı elə burada etdim. Ümumilikdə, bütün trasda kiçik, lakin effektiv təkmilləşdirmələr etdim. Mən hələ də vaxtımı yaxşılaşdıra bilərəm və bunu növbəti sıralanma turuna mütləq əks etdirəcəyəm.
Maşını saxladığınız zaman ekranda “1” rəqəmini görmək əla hissdir və qırmızı avtomobildə olmaq inanılmazdır”.
Lyuis Həmilton yarış tempi haqqında bunları deyib: “Bəhreyn testlərində yarış tempində işləməmişəm, keçən həftəsonu yağışda yarışmışıq, lakin mən sabah bu bolidlə quru havada ilk dəfə yarış tempində sürəcəyəm. Bazar günü ilk tam yarışımı tamamilə quru havada keçirəcəyəm.
Ümid edirəm ki, birinci yerimizi qoruya bilərik, lakin McLaren-lər həqiqətən sürətlidir, Maks da. Amma biz yaxşı vəziyyətdəyik, pozitiv qalacağıq, başımızı dik tutacağıq və var qüvvəmizi ortaya qoymağa davam edəcəyik.”
Şərh əlavə et