Kokpit.az xatırladır ki, Red Bull komandasının pilotu Maks Ferstappen keçən həftəsonu Avstraliya yarışını ikinci pillədə başa vursa da, McLaren-in pilotları ilə rəqabət apara bilməmişdi.
Red Bull-un idman məsləhətçisi Helmut Marko yarışdan sonra verdiyi açıqlamada RB21-in ən böyük probleminin təkərlərin yeyilməsi olduğunu və bu problemi qısa müddətdə həll etmək üçün çalışdıqlarını bildirib: “Biz artıq Bəhreyn sınaqlarından sonra bilirdik ki, McLaren bizdən çox sürətlidir.
Bununla belə, fərqi aradan qaldıra bildik. Əvvəlcə hər dövrə üçün yarım saniyə itirirdik, indi bu fərqi 0,2-0,3 saniyəyə endirdik. Biz altı-səkkiz dövrədən çox onların tempində qala bilmirik, çünki bolidimizin təkərləri onlarınkından daha tez yeyilməyə başlayır”.
Yarışın sonuna yaxın Maks Ferstappen lider Lando Norrisə təzyiq göstərmək üçün hücumlar etmiş, lakin Norris heç bir səhv etməyərək yarışı qazanmışdı.
Helmut Marko hələ də Red Bull-un yaxşı nəticə əldə etdiyini düşünür: “Düşünürəm ki, yaxşı nəticə əldə etdik, lakin bizi çətin mövsüm gözləyir. Əsas problemimiz təkərlərin yeyilməsidir, lakin başqa problemlərimiz də var. Onların nədən qaynaqlandığını bilirik və hazırda onların həlli üzərində işləyirik. Ümid edirəm ki, 3-5 yarışda problemlərimizi tamamilə həll edərik. Sonra McLaren ilə eyni səviyyədə ola bilərik”.
Şərh əlavə et