Xəbəri Kokpitdə Oxuyun!

A.Həcər Helmut Markoya cavab verib

Racing Bulls komandasının sürücüsü Ayzek Həcər  Avstraliya Qran Prisində baş verən uğursuz qəzanı arxada qoymağı düşünür və o, Helmut Markonun tənqidindən danışıb.

Kokpit.az xatırladır ki, fransalı sürücü Avstraliya yarışının qızdırma dövrəsində səhv edərək divara çırpılıb. O boliddən düşdükdən sonra ağlamağa başlayıb.

Lakin bu hal Red Bull şirkətinin idman məsləhətçisi Helmut Markonun heç xoşuna gəlməyib: “Göz yaşları ilə göstərdiyi şou bir az utanc verici idi”.

Ayzek Həcər: “Sözün açığı, ağlamağımı özüm üçün utancverici hesab etdim. Sabahsı gün Helmutla telefonda danışdıq və hər şey qaydasındadır. Mən onu bir neçə ildir tanıyıram və necə işlədiyini bilirəm. Həmin müsahibədə o, almanca danışırdı, ona görə də onun dedikləri başqa cür şərh olundu. Təbii ki, burada bədən dili də var. Amma kadrlara baxmamışam, ona görə də çox şərh verə bilmərəm.

Amma bu qədər böyük sevgi axını gözləmirdim. Bu, həqiqətən gözəl idi. Hətta bazar ertəsi özümü daha yaxşı hiss etdim, xüsusən də yarış həftəsinə yenidən başlayacağımızı bildiyim üçün bir ay bu barədə düşünmək məcburiyyətində qalmadım!”

Ayzek Həcər əlavə edib ki, Entoni Həmilton ona 2007-ci ildə Çin yarışında Lyuis Həmiltonun çınqıllı zonada ilişib qalmasını xatırladıb “Entoni ilə vaxt keçirmək gözəl idi. O, mənim kumirimin atasıdır. Ona görə də bu, olduqca xüsusi bir an idi. Lyuis də həmin gün mənə mesaj göndərdi. Həqiqətən də yüksək səviyyəli insanlardırlar”.

Rauf Hacıyev

Şərh əlavə et