Kokpit.az bildirir ki, ispaniyalı sürücü pouldan başladığı yarışda yaxşı start alıb və liderliyini qoruyub. Birinci döngədə Fabio Kuartararo ilə təmas yaşayan Marko Bezzekki qəza edərək mübarizəni vaxtından əvvəl dayandırıb. Bu anda Françesko Banyaya ilə ilə Yohan Zarko arasında üçüncü yer uğrunda mübarizə gedib. Ancaq birinci dövrənin sonunda italyan sürücü öndə qala bilib.
İkinci dövrənin əvvəlində qısa müddət də olsa, sarı bayraqlar çıxıb. KTM komandasından Enea Bastyanini qəza edərək, axırıncı yerə düşüb.
Franko Morbidelli dördüncü dövrədə Yohan Zarkonu keçərək, dördüncü yerə yüksəlib. Daha sonra isə yerlisi Françesko Banyayanı keçərək, üçüncü olub. Elə eyni dövrədə Aleks Markes liderliyi qardaşı Mark Markesin əlindən alıb. Uzun müddət ilk üçlük belə olub – Aleks Markes, Mark Markes və Franko Morbidelli.
Yarışın ortasında Ai Oqura və Pedro Akosta arasında səkkizinci yer uğrunda mübarizə yaşanıb. Akosta bu mübarizədə öndə qalıb. 16-cı dövrədə isə Mark Markes 6-cı döngədə az qala yıxılırdı. O, son anda balansını qoruya bilib.
Bir qədər sonra Mark Markes liderliyi almaq üçün qardaşı Aleks Markesə hücumlar edib. Lakin uğurlu olmayıb. Ancaq yarışın sonuna 5 dövrə qalmış Mark yenidən hücum cəhdi edib və bu dəfə liderliyi ələ ala bilib.
Beləliklə, 25 dövrəlik Argentina yarışında qalib Mark Markes olub. Qardaşı 1.6 saniyə geridə qalaraq ikinciliklə barışıb. Podiumun son pilləsinə isə VR46 komandasından Franko Morbidelli yüksəlib. İkiqat Dünya Çempionu Françesko Banyaya dördüncü yeri tutub. Beşliyi VR46-nın digər sürücüsü Fabio Di Canantonio bağlayıb. Yohan Zarko, Bred Binder, Ai Ogura, Pedro Akosta və Xoan Mir onluqda qərarlaşan sürücülər olublar.
Şərh əlavə et