Kokpit.az xatırladır ki, britaniyalı sürücü pouldan başladığı Avstraliya yarışını qələbə ilə yekunlaşdırıb. Lakin bu qələbə ona asan başa gəlməyib.
Lando yarışa yaxşı start verib və uzun müddət liderliyini qoruyub. Lakin yarışın sonlarına yaxın McLaren komandasının hər iki sürücüsü bolidin idarəetməsini itiriblər və liderliyi üçüncü yerdəki MAks Ferstappen alıb. Bundan sonra Norris pitə gələrək keçid təkərlərini götürüb və yenidən liderliyi ələ alıb.
Son dövrələrdə isə Maks Ferstappen Lando Norrisə qarşı təzyiq göstərməyə başlayıb. Buna baxmayaraq, britaniyalı sürücüsü yerini qoruya bilib və mövsümün ilk yarışında qələbə qazanıb.
Lando Norris: “Çətin yarış idi. Xüsusən də Maks olanda. Tras kənarına çıxdıq və bolid bir az zədələndi. Doğrudan da tras şəraiti çox qarışıq idi, amma belə yarışlar əyləncəli, həzz verən və proqnoz vermək çətin olan yarışlardır. Bu dəfə hər şeyi düzgün etdik və birinci yeri tutduq.
Son iki dövrə doğrudan da çox çətinlik çəkdim. Bir az stressli idi. Yalan deməyəcəyəm. Amma mövsümə belə başlamaq inanılmaz bir hissdir. Keçən il çox səhvlər etdik, amma bu səhvlərimizdən dərs çıxardıq. Silverstoun və Kanadada belə yarışları qazanmaq şansını əldən vermişdik.
Böyük səhvlər etməmək ye da baha başa gəlməyən səhvlər etməmək məni çox xoşbəxt etdi. Özümü bir az tərifləyə bilərəm. Bundan başqa McLaren komandasına böyük təşəkkür borcluyam, çünki mənə inanılmaz maşın hazırlayıblar.
Maks Doğrudan da çox sürətli idi. Yaxşı tempim olduğunu bilirdim, amma altıncı döngədə bir səhv etdim və o da mənim DRS məsafəmə girdi. Buna görə də fərqi q1 saniyənin altına saldı. O an sadəcə sürməyə fokuslandım.
Bir neçə dəfə hücum etməyə çalışdı. Mən də güzgülərə lazım olandan çox baxmalı oldum, amma sakit qalıb yarışa fokuslanmağa davam etdim. Mühəndisim Vili dinlədim və işi bitirdik.
Hər şey həftəsonunun əvvəlindən etibarən mükəmməl idi. Belə həftəsonunu tamamlamaq heç də asan deyil. Xüsusən də Oskar və Maks kimi rəqabətədavamlı və qazanmağı çox istəyən rəqibləriniz varsa… Yarış stressli idi, amma nə edə biləcəyimi və nəyə qadir olduğumu bilirdim. Yenə də bu hələ ki, mövsümün ilk yarışıdır. Növbəti həftə bu uğuru təkrarlamalıyıq. Bizi uzun mövsüm gözləyir. Sadəcə başımızı aşağı əyib, işləməyə davam etməliyik”.
Şərh əlavə et