Xəbəri Kokpitdə Oxuyun!

Avstraliya: Norris mövsümün ilk yarışını qazanıb

Formula 1 üzrə Avstraliya yarışı geridə qalıb. Yarışı McLaren komandasından Lando Norris qazanıb. İkinci yeri Maks Ferstappen, üçüncü yeri Corc Rassell tutublar.

Avstraliya yarışı sərin hava şəraitində başlayıb. Daha əvvəl yağan şiddətli yağışa görə tras da yaş olub. Qızdırma dövrəsində Ləns Strolldan başqa bütün sürücülər keçid təkərlərini götürmüşdülər.

Qızdırma dövrəsi başlayan kimi RB komandasının sürücü Ayzek Həcər ikinci döngədə yerində fırlanaraq, bariyerlərə çırpılıb. Bolidin arxa hissəsi zədələnib və buna görə də fransalı sürücü mübarizəni vaxtından əvvəl dayandırıb. Bundan sonra start proseduru 10 dəqiqə təxirə salınıb.

Start: Lando Norris və Oskar Piastri ilk döngədən sonra yerlərini qoruyublar. Arxalarındakı Maks Ferstappen isə ilk döngədə Piastrinin yanın qədər gəlsə də, rəqibini keçə bilməyib. Lakin daha sonra Oskarı geridə qoyub və ikinci yerə yüksəlib.

Yeddinci yerdən start alan Şarl Lekler iki yer qazanaraq, beşinci yerə yüksəlib. Bu anda Alpine komandasının debütant sürücüsü Cek Duhən beşinci döngədə yerində fırlanaraq, bariyerlərə çırpılıb. Təhlükəsizlik maşını trasa daxil olub. Elə bu əsnada Williams komandasının sürücüsü Karlos Sayns da yerində fırlanaraq, divara çırpılıb və o da mübarizəni dayandırıb.

Təhlükəsizlik maşını pit yolundan keçərkən Esteban Okon və Liam Louson pit edərək, yeni keçid təkərləri götürüblər.

Yeddinci dövrədə təhlükəsizlik maşını rejimi başa çatıb və yarış yenidən başlayıb. Təhlükəsizlik maşınından sonra sürücülər təmkinli davranıblar və hamı yerini qoruyub.

12-ci dövrədə FİA DRS-in istifadəsinə icazə verib.

Yarışda 13-cü yerdə gedən Kimi Antonelli yerində fırlansa da, bariyerlərə çırpılmadan yoluna davam edib.

17-ci dövrərə Piastri önündəki Ferstappenə hücum edib. Niderlandlı sürücü əylənmə zamanı səhv edib və çınqıllı zonaya qədər çıxıb. Beləliklə, Piastri startda itirdiyi ikinci yeri yenidən özünə qaytarıb. Bu anda Kimi Antonelli cəsarətli hücum edərək, önündəki Niko Hülkenberqi geridə qoyub.

Yarışın 20-ci dövrəsində Liam Louson rəqibi Esteban Okonu geridə qoyaraq 15-ci yerə yüksəlib.

23-cü dövrəsə isə Kimi Antonelli daha bir ötmə edib. İtalyan sürücü bu dəfə Ləns Strollu geridə qoyub və 11-ci yerə yüksəlib. Beləliklə, Kimi yarışın startından sonra 5 yer qazanmış olub.

30-cu dövrədə Oskar Piastri yarışın lideri Lando Norrisə çox yaxınlaşıb. Bu anda hər iki sürücü də dövrəvi sürücüləri keçirdilər. Oskar komanda yoldaşı ilə fərqi 1 saniyənin altına saldıqdan sonra komanda ona radiodan deyib ki, Landoya hücum etmə, yerini qoru. Lakin 33-cü dövrədə iki sürücü arasında fərq 3 saniyəyə qədər yüksəldikdən sonra McLaren radiodan Oskara deyib ki, artıq yarışa bilərlər.

Yarışın 34-cü dövrəsində isə Fernando Alonso yerində fırlanıb və yeddinci döngədə bariyerlərə çırpılıb. Bundan sonra təhlükəsizlik maşını dərhal trasa girib. Bundan istifadə edən  sürücülər pitə gələrək, quru hava təkərlərinə keçiblər.

Norris, Piastri, Rassell, Lekler, Həmilton Hard təkərləri seçdiyi halda, Ferstappen Medium təkərlərə keçib.

42-ci dövrədə təhlükəsizlik maşını rejimi başa çatıb və yarış yenidən başlayıb. Komandalar bu anda radiodan sürücülərinə 3 dövrə  ərzində bərk yağış başlayacağını deyiblər.

44-cü dövrədə Yuki Tsunoda Şarl Lekleri geridə qoyaraq, beşinci yerə yüksəlib. Bundan sonra yağış birdən yağmağa başlayıb. Yarışı ilk iki yerdə aparan McLaren komandasının sürücüləri Lando Norris və Oskar Piastri eyni anda bolidin idarəetməsini itiriblər və Maks Ferstappen liderliyə yüksəlib. Norris yoluna davam edə bilsə də, Piastri qazonlu sahəyə düşüb və orada ilişib qalıb. Avstraliyalı sürücü bir müddətdən sonra heri ötürməyə keçərək, oradan çıxıb və yoluna davam edib. Lakin Oskar artıq ikinci yerdən sonuncu yerə geriləyib.

Norris, Piastri və əksər sürücülər keçid təkərlərini götürüblər. Ferstappen, Həmilton, Lekler isə quru hava təkərləri ilə yollarına davam ediblər.

Bir müddətdən sonra yağış daha şiddətlənib və Maks Ferstappen pitə gələrək, keçid təkərlərini götürüb. Bu anda pitə gəlməyən Ferrari sürücüləri Həmilton və Lekler ilk iki yerdə yarışa davam ediblər.

Yarışda insidentlər bundan sonra başlayıb. Həm Liam Louson, həm də Qabriel Bortoleto yerlərində fırlanaraq bariyerlərə çırpılıblar. Bundan sonra təhlükəsizlik maşını yenidən trasa girib. Həmilton və Lekler yaş trasda çətinlik çəkiblər və pitə gələrək, keçid təkərlərini götürüblər. Beləliklə, Lando Norris yenidən liderliyə yüksəlib. Ferstappen ikinci, Rassell üçüncü, Elbon dördüncü və Antonelli beşinci olublar.

Təhlükəsizlik maşını yarışın 52-ci dövrəsində trası tərk edib və yarış yenidən başlayıb.

Ferrari komandasının sürücüləri Həmilton və Lekler 9 və 10-cu yerə qədər geriləyiblər. Lakin monakolu sürücü komanda yoldaşını geridə qoyub və iki Ferrari sürücüsü yer dəyişdiriblər.

Bundan bir dövrə sonra isə Lekler Alpine komandasının sürücüsü Pyer Qasliyə hücum edərkən bundan Həmilton da istifadə edib. Beləliklə Ferrari komandasının sürücüləri hərəyə 1 yer qazanıblar.

Yarışın bitməsinə iki dövrə qalmış Maks Ferstappen rəqibi Lando Norrislə fərqi 1 saniyənin altına salıb. Niderlandlı sürücü bundan sonra DRS hesabına rəqibinə bir neçə dəfə hücum edib.

Kimi Antonelli isə Aleksander Elbonu geridə qoyaraq, dördüncü yerə yüksəlib. Ancaq pit yolunda təhlükəli hərəkət etdiyi üçün stüardlar debütant pilota beş saniyə cəza veriblər və o, yenidən beşinciliyə geriləyib.

Yarışın sonuna qədər Maks Ferstappen ilə Lando Norris arasında liderlik uğrunda amansız mübarizə gedib. Lakin britaniyalı pilot yerini qoruyaraq, mövsümün ilk yarışını qazanıb.

Rassell üçüncü yeri tutaraq, mövsümün ilk yarışında Mercedes-ə podium gətirib. Elbon dördüncü, Antonelli beşinci yerləri tutublar. Ləns Stroll, Niko Hülkenberq, Şarl Lekler, Oskar Piastri və Lyuis Həmilton onluğu bağlayan pilotlar olublar.

Rauf Hacıyev

Şərh əlavə et