Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Mükəmməl başladıq

McLaren komandasının sürücüsü Lando Norris mövsümün ilk mərhələsi olan Avstraliya Qran Prisinin sıralanma turunda poul qazanıb.

Kokpit.az xatırladır ki, McLaren gözlənildiyi kimi mövsümə yaxşı başlayıb və Lando Norris poul qazanıb. İkinci yeri isə Oskar Piastri tutub. Beləliklə, “narıncılar” mövsümün ilk yarışında ilk cərgəni zəbt ediblər.

Britaniyalı sürücünün son sessiyada ilk cəhdi tras limitlərini aşdığı üçün ləğv olunsa da, o, ikinci cəhdində mükəmməl dövrə vuraraq, poul qazanıb.

Lando Norris: “Mövsümə mükəmməl başladıq. Keçən ilin sonunda olduğumuz nöqtədən davam edə bilmək üçün komanda əla işlədi. Amma bu sadəcə sıralanma turudur. Sabahı gözləyək, görək nə olur. Çətin yarış olacaq, amma bu günə əla başladıq.

Bolid çox sürətlidir və hər şeyi bir araya gətirdiyinizdə inanılmaz hiss edirsiniz, amma hər şeyi bir araya gətirmək çox çətindir.

Bu gün Oskarla aramızda kiçik mübarizə oldu. Xüsusəm də tras limitlərini aşdıqdan sonra. İkinci cəhdimdə vəziyyətim çox çətin idi. Böyük risk almalı idik, amma eyni zamanda təmiz bir dövrə atmaq mütləq idi.

Zehni cəhətdən çətin vəziyyətdə idim, amma bacardım. Buna görə də çox sevincliyəm.

Buna baxmayaraq arxayınlaşmaq olmaz. Mən elə insan deyiləm. Bolidin güclü olduğumu bilirəm və ona güvənirəm. Lakin onu hələ də yağışlı havada sürməmişik.

Maks və Red Bull-un yağışlı havada sürətli olduğunu bilirik. Görək nə baş verəcək. Hamı üçün fürsət var, amma eyni zamanda öyrənəcəyimiz çox şey var”.

Rauf Hacıyev

Şərh əlavə et