Xəbəri Kokpitdə Oxuyun!

Avstraliya-2025: İlk poul Norrisdən, ilk cərgə McLaren-in!

Melburnda yaxşı start mövqeyi vacibdir, lakin 2025-ci ildə Albert Parkdakı sıralanma turu xüsusilə maraqlı idi – tur təqvimdə birincidir, yeni maşınların sürətini və güc balansını qiymətləndirmək üçün mövsümün ilk fürsətini yaradır.

Bu tras səhvləri bağışlamır – Oliver Berman məşqlərdə 2 dəfə qırmızı bayraqlara səbəb olub, demək olar ki. normal bir dövrə belə vura bilməyib və artıq bir güc qurğusu da itirib. Digər gənc sürücü Lyam Louson isə güc qurğusu problemlərinə görə şənbə günü olan məşqləri qaçırıb.

Nəticələr sıx olub. Cümə gününü Lekler, şənbə günü məşqlərini isə Piastri birinci yerdə bağlayıb. Pirelli bura C3, C4 və C5 tərkiblərini gətirib. Medium ilə Soft arasında fərq 0.5 saniyəyə bərabər olub və yumşaq təkərlər sıralanma turu üçün vacib əhəmiyyət daşıyıb.

İlk sessiyada Mercedes sürücüləri Medium ilə ilk cəhdlərinə çıxıbar, digərləri isə dərhal Soft-la başlayıblar. Çıxış dövrəsində Berman ötürmələr qutusunun zəif işləməsindən şikayətlənərək pitə dönüb və yarışı tərk edib. Louson 3-cü döngədə çınqıllığa düşüb, lakin təmasdan yayına bilib. Daha sonra yenə səhvə yol verib. Antonelli də trasdan çıxaraq maşına zərər verib. Norris 1:15.912-lik nəticə ilə cədvəldə birinci olub, Berman, Okon, Louson, Hülkenberq və Antonelli yarışdan kənarda qalıblar. Mübarizəni davam etdirən 15 idmançının nəticələri çox sıx olub.

İkinci sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Ferstappen ilk cəhddə ən yaxşı nəticəni göstərib. Lakin McLaren sürücüləri onu üstələyiblər. Duenin nəticəsi trasdan tam çıxdığı üçün ləğv edilib. İkinci cəhdlərdə sürətlər artırılıb. Həmilton 11-ci döngədə yerində fırlanıb, rəqiblərinə yol verdikdən sonra mübarizəyə davam edib. Norris yenə ən yaxşı olub – 1:15.415. Bortoleto, Duen, Stroll, Alonso və Həcər final mərhələsinə yüksələ bilməyiblər.

Son sessiyada Ferstappen, Rassell, Lekler və Piastri yeni, qalan hamı işlənmiş təkərlərlə mübarizəyə başlayıb. Norris liderliyə yüksəlsə də, nəticəsi ləğv edilib. Ferstappen ilk sıranı alıb. İkinci cəhdlərdə isə McLaren-in potensialı özünü göstərib. Piastri birinci yerə qalıxb, lakin az sonra Norris keçənilki poul nəticəsini bir saniyə yaxşılaşdıraraq yarışa ən öndən başlamağa haqq qazanıb – 1:15.096.

Lando Norris mövsümün ilk yarışında karyerasının 10-cu poulunu qazanıb. Onun komanda yoldaşı ikinci olaraq komandanın yarışa ilk cərgədən tam şəkildə başlamasını təmin edib. Sabah ikinci cərgədən onları Maks Ferstappen və Corc Rassell izləyəcək. Üçüncü cərgədəki adlar isə çox maraqlıdır – Tsunoda və Elbon.

Sabah yağıntı ehtimalı yüksəkdir və keçidlərin çətin olduğu Albert parkda yağış altında maraqlı mübarizə izləyə bilərik…

Elçin Zodorov

Şərh əlavə et