Kokpit.az bildirir ki, trasa çıxan ilk sürücü dünən birinci sərbəst yürüşlərdə qəza etmiş Oliver Berman olub. O, ikinci sərbəst buraxmalı olmuşdu. Lakin britaniyalı sürücünün bu gün də işləri qaydasında getməyib. Belə ki, debütant sürücü 11-ci dövrədə yerində fırlanaraq çınqıllı zonaya düşüb. Bu insidentdən sonra sessiya qırmızı bayraqlarla dayandırılıb və sürücülər boksa qayıtmalı olub.
Təxminən 10 dəqiqədən sonra yenidən yaşık bayraqlar çıxıb və sessiya yenidən başlayıb. Sürücülər vaxt itirmədən trasa çıxıblar.
İlk cəhdlərdən sonra yerli qəhrəman olan Oskar Piastri protokollara başçılıq edib. Lakin dördqat Dünya Çempionu Maks Ferstappen mükəmməl dövrə vuraraq Oskara 0.652 saniyə fərq atıb və liderliyi ələ alıb. Maks Ferstappenin 1.16.646-lıq zaman nəticəsi Şarl Leklerin dünən ikinci sərbəst yürüşlərdəki nəticəsini 0.2 saniyə qabaqlayıb.
Sessiyanın ortalarında Karlos Sayna üçüncü döngədə sol ön təkərini divara toxundurub və komandası onu boksa çağıraraq maşını yoxlayıb. Maks Ferstappen isə radiodan bildirib ki, maşında balans pisdir.
Trasdakı əksər sürücülər Soft təkərlərlə işlədiyi halda Williams, Aston Martin, Racing Bulls və Alpine komandasının sürücüləri Hard təkərlərlə işləyirdilər.
Sessiyanın bitməsinə 25 dəqiqə qalmış Ferrari komandasının sürücüləri sürətli dövrələr vurmağa başlayıblar. Şarl Lekler lider Maks Ferstappendən 0.030 saniyə geri qalaraq ikinci yerə yüksəlib. Monakolu sürücü komanda yoldaşı Lyuis Həmiltonu 0.001 saniyə qabaqlayıb.
Daha sonra Corc Rassell yeni təkərlərlə Maks Ferstappeni 0.244 saniyə qabaqlayaraq zirvəyə yüksəlib. Lakin Maks Ferstappen 1.16.002 zaman nəticəsi göstərərək, liderliyi yenə özünə qaytarıb.
Lakin bununla bitməyib. Sessiyanın sonuna bir neçə dəqiqə qalmış Oskar Piastri 1.15.921 zaman nəticəsi ilə liderliyi ələ alıb.
Piastri Corc Rassell, Maks Ferstappen, Şarl Lekler və Kimi Antonelli izləyiblər.
Williams komandasının sürücüləri altıncı və yeddinci yerləri, Lyuis Həmilton 8-ci yeri tutub. Onluğu isə Yuki Tsunoda ilə Lando Norris bağlayıblar.
Red Bull komandasından Liam Louson günü boksda keçirib. Komanda onun bolidi üzərində işlədiyi üçün o, dövrəvi nəticə göstərməyib.
Beləliklə, hər üç sərbəst yürüşlərdə də biz fərqli birinci yerlər gördük. Dünən Lando Norris birinci praktikada, Şarl Lekler isə ikinci praktikada protokollara başçılıq etmişdilər.
Ferrari komandasında Lyuis Həmilton hələki Şarl Leklerin tempinə cavab verə bilmir. Bunun əsas səbəbi maşının tərzinə uyğunlaşa bilməməsidir. Belə görünür ki, britaniyalı sürücünün Ferrari-yə öyrəşməsi üçün 5-6 yarış lazım olacaq.
Digər tərəfdən isə Maks Ferstappenin timsalında Red Bull üçübcü sərbəst yürüşlərdə azarkeşlərini ümidləndirib. Buna baxmayaraq niderlandlı sürücü üçüncü sessiya ərzində yenə də balansdan şikayət edirdi.
Mercedes isə üçüncü sərbəst yürüşlərdə dünənə nisbətən daha yaxşı performans göstərib. Corc Rassell ikinci, dünən onluğa belə düşə bilməyən debütant Antonelli 5-ci yerləri tutublar.
Williams komandası isə hələki orta qrupun ən sürətli komandası kimi görünür. Karlos Sayns dünən Soft təkərlərlə işləyə bilmədiklərini desə də, Britaniya komandası deyəsən gecə boyu işləyərək, bu problemi qismən həll ediblər.
Sərbəst yürüşlərdən sonra vəziyyətə baxsaq görərik ki, bizi çox maraqlı sıralanma turu gözləyir. Poul uğrunda əsas favoritlər McLaren və Ferrari görünsə də, Maks Ferstappendən ya da Corc Rasselldən bir sürpriz görə bilərik. Sürprizi isə Williams komandasının sürücülərindən gözləmək olar.
Debütantlara gəldikdə isə Ayzek Həcər və Kimi Antonelli hələki göz oxşayırlar. Həcər dünən özünü yaxşı tərəfdən göstərə bildi. Kimi Antonelli isə dünən onluğa düşə bilməsə də, bu gün beşinci olaraq, günü-gündən inkişaf etdiyini göstərdi.
Azarkeşləri ən çox məyus edən debütant isə sözsüz ki, Oliver Berman oldu. Dünən birinci sərbəst yürüşlərdə qəza edərək, ikinci sərbəst yürüşləri də buraxan Olli, bu gün də səhv edərək yerində fırlandı və qırmızı bayraqlara səbəb oldu. Deyəsən Haas komandasında hər debütantın yaşadığı problemi Oliver Berman da yaşayır. Düzdür, britaniyalı sürücü keçən il amerikan təmsilçisi ilə iki yarışa çıxmışdı. Ancaq belə görünür ki, gənc pilot ilk tam mövsüm həyəcanını üzərindən ata bilməyib.
Avstraliya Qran Prisinin sıralanma turu Bakı vaxtı ilə 16 mart 09:00-da başlayacaq.
Şərh əlavə et