Xəbəri Kokpitdə Oxuyun!

Avstraliyada Lekler günü zirvədə bitirib

Avstraliya Qran Prisinin ikinci sərbəst yürüşlərində Şarl Lekler hamıdan sürətli olub. Onu iki McLaren sürücüsü izləyib. 

Kokpit.az bildirir ki, Melburnda ikinci sərbəst yürüşlər günəşli hava şəritində başlayıb. Pit yolunun sonunda yaşıl işığın yanması ilə sürücülər trasa çıxıblar. Mercedes komandasının sürücüləri Hard, digər sürücülər isə Medium təkərlə ilk dövrələrini vurublar. 

Birinci sərbəst yürüşlərdə qəza etmiş Oliver Berman ikinci sessiyaya qatılmayıb və Haas komandası boksda britaniyalı sürücünün maşınını düzəltmək üçün əlindən gələni edib.

Sessiyanın ilk 10 dəqiqəsindən sonra Lando Norris 1.17.671 zaman nəticəsi ilə zirvəyə oturub. Bu əsnada Ferrari komandasının yeni transferi Lyuis Həmilton boliddə öndən sürüşmənin olduğunu deyib.

Lando Norris, Niko Hülkenberq və Pyer Qasli üçüncü və altıncı döngələrdə trasdan çıxıblar. Lakin hər üç sürücü də qəza etmədən yollarına davam edə biliblər.

Sessiyada vaxt keçdikcə Lando Norris, Corc Rassell və Karlos Sayns arasında liderlik əl dəyişdirib. 20 dəqiədən sonra Şarl Lekler birinci və üçüncü sektorda ən sürətli olaraq, 1.16.794 zaman nəticəsi göstərib və birinci yeri sabiq komanda yoldaşı Karlos Saynsın əlindən alıb. Bundan bir neçə dəqiqə sonra isə Lyuis Həmilton ikinci yerə yüksəlib.

Sessiyanın ortalarında bəzi sürücülər sıralanma tempində işləməyə başlayıblar və Soft təkərlərə keçiblər. Şarl Lekler nəticəsini yaxşılaşdırıb və  1.16.480 zaman nəticəsi ilə lideriyini qoruyub.

Sessiyanın bitməsinə 15 dəqiqə qalmış sürücülər yarış tempində işləməyə başlayıblar. Sessiyanın sonlarında Corc Rassell təkərlərini bloka salıb və trasdan çıxıb. Lakin o, heç bir yerə çırpılmadan yenidən trasa qayıda bilib.

Beləliklə cümə gününün son sərbəst yürüşləri geridə qalıb və Ferrari komandasından Şarl Lekler birinci olub. İkinci və üçün yeri McLaren komandasının sürücüləri Oskar Piastri və Lando Norris tutubıar. Yuki Tsunoda dördüncü, Lyuis Həmilton beşinci olublar.

Debütant Ayzek Həcər altıncı, dördqat Dünya Çempionu Maks Ferstappen yeddinci yerdə qərarlaşıblar. Onları Niko Hülkenberq, Ləns Stroll və Corc Rassell izləyiblər.

Avstraliya Qran Prisinin üçüncü sərbəst yürüşlər martın 15-də Bakı vaxtı ilə 05:30-da başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et